Avropa Parlamenti bu cür qətnamələr qəbul etməklə Azərbaycanla münasibətləri daha da gərginləşdirəcək və özünə ziyan vurmuş olacaq
Avropa Parlamentinin bir qrup korrupsioner və irqçi deputatı mədəni irsin qorunması bəhanəsi ilə Azərbaycana şər atır, ölkəmizin daxili işlərinə qarışmağa cəhd edirlər. Parlamentarilər öz müraciətlərində bütün xalqların irsini ehtiva edən “ümumdünya mədəni irsi” universal ifadələrdən deyil, dini xətlər üzrə ayırıcı ifadələrdən istifadə edərək müstəsna olaraq, "erməni irsindən" dəm vururlar. Hamıya məlumdur ki, Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində azərbaycanlılara məxsus mədəni irsi sistematik və kütləvi şəkildə dağıdıb. Ermənistan ərazisində 300 məscid, yüzlərlə məzarlıq, çoxsaylı digər mədəni abidə yer üzündən silinib. Ermənistan oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədilə UNESCO missiyasının səfərinə imkan vermir. Avropa Parlamentinin saxtakar deputatları Azərbaycana qara yaxmaq və dini əsaslarda nifaq yaratmaq əvəzinə, UNESCO missiyasının Ermənistana səfərinin həyata keçirilməsi, oradakı Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılmasına çalışmalıdır. Həmçinin dağıdılmış abidələrin bərpası üçün səylər göstərməli və ən əsası, Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasına dəstək verməlidir.
Millət vəkili Naqif Həmzəyev deyib ki, Avropa İttifaqı Ermənistanı öz nəzarətində saxlamaq, Ermənistanı cəsarətləndirmək və Qərbə yaxınlaşması üçün daha ciddi addımlar atmağa sövq edir. Deputat bildirib ki, Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi qətnamədə Azərbaycan əleyhinə fikirlər yer alması Bakıya təzyiqləri artırmaq və İrəvana daha çox güzəştə getməyə məcbur etməkdir:
"Avropa İttifaqı Cənubi Qafqazda sülhün əldə olunmasından daha çox, sülhə kölgə salmaqla məşğuldur. Onsuz da Avropa İttifaqının Ermənistandakı "mülki müşahidə" missiyasının varlığı sülhə yaxınlaşmağa heç bir töhfə vermədi. Əksinə, Ermənistanı daha da cəsarətləndirdi. Ermənistandan Rusiyaya qarşı bir alət kimi istifadə etdilər. Hazırda Ermənistan rəhbərliyi Rusiyadan mərhələli şəkildə uzaqlaşmaq, Moskvanı bu ərazidən sıxışdırıb çıxartmaq və onun boşluğunu Avropa İttifaqı, xüsusilə Fransa ilə doldurmaq niyyətindədir. Son dövrdə Fransanın aktiv şəkildə Ermənistanı silahlandırması da bu prosesə hazırlıq kimi dəyərləndirilməlidir. Eyni zamanda Fransa Ermənistanı Azərbaycanla müharibəyə hazırlamaq mövqeyi ortaya qoyur. Çox təəssüflər ki, Avropa İttifaqı da növbəti dəfə yanlışa əl ataraq qərəzli və əsası olmayan ittihamlarla dolu qətnamə hazırladı. Ancaq bu qətnamə sülhün təşviqinə heç bir töhfə vermir. Azərbaycanla münasibətləri daha da soyudur və regionda faktiki olaraq gərginliyi artırır".
Parlamentari qeyd edib ki, Azərbaycan 3 ildən artıqdır sülh danışıqları prosesində bütün mümkün vasitələri işə salıb: "Hazırda Ermənistanla Azərbaycan arasında sülhün imzalanması heç vaxt bu qədər yaxın olmayıb. Ermənistanla Azərbaycan nümayəndələri arasında vasitəçi olmadan görüşlər keçirilir. Delimitasiya və demarkasiya ilə bağlı 7 görüş baş tutub və müəyyən irəliləyişlər var. Ermənistan Baş naziri Nikol Paşinyan ara-sıra qərəzli açıqlamalar versə də, nəticə etibarı ilə verdiyi bəzi sözləri tutmağa məcbur qalır. Əfsuslar ki, Fransa və Avropa İttifaqı, o cümlədən Avropa Parlamentinin qərəzli davranışları İrəvanın sülh saşini imzalamasına maneçilik törədir. Onların niyyəti odur ki, ümumiyyətlə, sülh olmasın. İstənilən halda Azərbaycan sülhə məcburetmə siyasətini uğurla davam etdirəcək və irəli sürdüyü 5 baza prinsipi əsasında sülhün imzalanmasına nail olacaq. Avropa Parlamenti isə bu cür qətnamələr qəbul etməklə Azərbaycanla münasibətləri daha da gərginləşdirəcək və özünə ziyan vurmuş olacaq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı önəmli rolu nəzərə almamaq Aİ-nin öz əleyhinədir".