Baş nazir deyib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq
“Antiterror əməliyyatlarına ehtiyac qalmayacaq. 8 kəndin aqibəti yaxın aylarda, bəlkə də yaxın günlərdə həllini tapacaq”
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuş bölgəsinə səfər edib. Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan özünün sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, Paşinyan Qazax rayonu ilə həmsərhəd olan regiona səfəri çərçivəsində Əskipara, Bağanis və digər kəndlərdə yaşayan sakinlərlə görüşüb.
Qeyd edək ki, Paşinyan sonuncu mətbuat konfransı zamanı Tavuş vilayətinə gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini bildirmişdi.
O, həmçinin deyib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq.
Tavuş istiqamətində həm də Ermənistanın Azərbaycana qaytaracağı ərazilər yerləşir. Söhbət Qazax rayonunun 7 kəndindən gedir.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a deyib ki, əslində, işğal altında qalan kəndlərin Azərbaycana qaytarılması sərhədlərin delimitasiya və demarkasiyası zamanı baş verməliydi. Ancaq bu proses çox ləngidiyinə görə, yaxşı olar ki, kəndlərimiz sülh müqaviləsindən əvvəl qaytarılsın:
"Məsələ sonraya qalarsa, narazılıq baş qaldıra, münaqişəyə səbəb ola bilər. Ən azından sülh zamanı aparılan danışıqlarda, yaxud sənədlərdə konkret əksini tapmalıdır ki, bir qədər sonra icra edilsin. Nikol Paşinyan bəzi addımları ilə guya hansısa prosesin onun nəzarəti və istəyi altında reallaşdığını göstərməyə çalışır. Ancaq bütün proseslər Azərbaycan tərəfinin tələbləri, istəyi və siyasi qətiyyəti sayəsində baş verir. Bu da Paşinyanı həm öz ölkəsində, həm də Avropada nüfuzdan salır. Paşinyanın Bakının tələblərini icra etməkdən başqa çıxış yolu yoxdur. Fransa və İran kimi havadarları Ermənistanı təhrik edə bilər. Şübhəsiz, kəndlərin qaytarılması ləngidikcə, proseslər Ermənistanın ziyanına işləyəcək. Paşinyan siyasi iradə göstərsəydi, hətta anklav kəndləri belə qaytara bilərdi. Baş nazirin Tavuşa getməsi prosesi sürətləndirə bilər. Anklav kəndlərə Ermənistan ərazisindən yol, kommunikasiya xətləri olmalıdır ki, bu da əsasən sülh və ya sərhədlərə bağlı məsəllər həll olunanda nəticə verə bilər. Ermənistan Azərbaycandan Gədəbəydəki bir kəndi tələb edir. Heç bir kəndi ermənilərə vermək olmaz. Bu məsələni Azərbaycana vurulmuş maddi-mənəvi ziyan müstəvisində beynəlxalq məhkəmədə həll etmək olar. Dəymiş ziyana görə ermənilərin Azərbaycana milyardlarla dollar borcu var".
T.İrfan vurğulayıb ki, 8 kəndin aqibəti yaxın aylarda, bəlkə də yaxın günlərdə həllini tapacaq:
"Antiterror, yaxud hansısa hərbi əməliyyatlara da ehtiyac qalmayacaq. Birbaşa Paşinyanın o zonaya səfəri məsələnin ciddiliyini və onun narahatlığını göstərir. Eyni zamanda Paşinyanın öz komandasına inanmadığına dəlalət edir. Baş nazirə verilən məlumatlar xarici kəşfiyyatlara xidmət edən adamları tərəfindən təhrif edilir, gizlədilir. Görünür, hər şeyi gözü ilə görmək üçün Paşinyan ora gedib. Baş nazir özü də o tərəflərdə doğulub. Yaxşı bilir ki, sözügedən kəndlər Qazaxın qədim kəndləridir".