Baş verənlər Tbilisinin coğrafi reallıqları nəzərə alacağı gözləntisini yaradır
"Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən 9-cu üçtərəfli görüşü, ardınca Prezident İlham Əliyevin Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze ilə görüşü üç ölkənin strateji tərəfdaşlığının dərinləşməsinə töhfə verir". Bu barədə "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, bu səfər və görüşlər Cənubi Qafqazda proseslərin yönünü idarə etmək baxımından, xüsusilə Fransanın Ermənistanı silahlandırması planları fonunda da əhəmiyyətlidir:
"Ermənistan Baş naziri Nikol Paşinyanın Parisə, Lekornunun İrəvana səfəri, ardınca erməni baş nazirin Afinaya gedişi, Nikos Dendiasın Ermənistana gəlişindən sonra Fransadan silahların gətirilməsində Paris-Afina-Tbilisi-İrəvan marşrutu aktuallaşıb. Paris-İrəvan və Bakı-Ankara Tbilisini yanına çəkməklə həm də bu marşrut üzərində mübarizə aparır. Fransanın Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməsində silah marşrutun Tbilisi dayanacağını təmin etmək məqsədi də var. Yaxud gürcülərdən bunu da istəyəcəklər. Azərbaycan və Türkiyə regional əməkdaşlığı inkişaf etdirməklə Gürcüstanı bu marşrutda yer almaqdan imtinasına nail olmasını istəyir. Nazirlərin də, ölkə başçısı İlham Əliyevlə Kobaxidzenin də görüşündə regional sabitlik xüsusilə vurğulandı. Mümkündür ki, hər iki müzakirədə Gürcüstana bölgənin sabitliyinin pozulmasında iştirak etməməsi mesajları çatdırılıb".
Analitikin fikrincə, bu prosesdə Tbilisi dilemma qarşısında qalır: "Bir tərəfdə Aİ-yə inteqrasiya, digər tərəfdə isə iqtisadi, enerji və təhlükəsizlik məsələsində real tərəfdaşlarla münasibətlər var. Bir yanda 2008-ci il təcrübəsi və Avropanın Tbilisiyə verdiyi vədlər, digər yanda isə Gürcüstanın iqtisadi və təhlükəsizliyinə ciddi töhfə verən Bakı-Ankara ikilisi mövcuddur. Ukrayna müharibəsindən sonra Qərblə “yola getməyən” Qaribaşvilinin dəyişdirilməsi Tbilisinin Aİ-yə inteqrasiyada çox istəkli olduğunu göstərsə də, Bakıda verilən mesajlar Kobaxidze hökumətinin coğrafi reallıqları nəzərə alacağı gözləntisini yaradır".