Azərbaycan kəndləri qaytarılsa, müharibə olmayacaq
“Sülhün əldə olunması üçün xarici oyunçuların da kifayət qədər fəallığı var. Cənubi Qafqaza, Azərbaycana reallaşan səfərləri, NATO baş katibinin səfərini də bu kontekstdə dəyərləndirmək lazımdır"
"Azərbaycan özünün üstün və güclü mövqeyindən istifadə edərək mümkün qədər problemin lehinə və qısamüddətli həllinə çalışır”
Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün Tavuş vilayətinə səfər edərək Azərbaycanla bu ərazidə baş tutacaq delimitasiya və demarkasiya prosesləri barədə yerli sakinlərlə danışıb. Baş nazir Əskipara kəndində yerli sakinlərlə, eləcə də Bağanisdə sakinlərlə görüş keçirib, daha sonra Kirants (Güney) kəndinə baş çəkib. Bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb. Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə toxunub. Baş nazir Əskiparadakı çıxışında Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinin praktiki mərhələyə qədəm qoyduğunu deyib. Paşinyan iştirak edənlərə Ermənistanın konturlarını göstərib və qeyd edib ki, bu, Ermənistan Respublikasıdır: “Delimitasiya komissiyaları Ermənistan Respublikasının haradan başladığını müəyyən etməlidir və bu, Azərbaycan Respublikası arasında dövlət sərhədinə çevrilməlidir. Niyə Əskiparada bu məsələni müzakirə etməyə gəldik? Biz əsl delimitasiya və demarkasiya prosesinə bu hissədən başlaya bilərik: Baqanisdən Berkaberə qədər". Baş nazir qeyd edib ki, İrəvan üçün Ermənistanın ərazi bütövlüyünün möhkəmləndirilməsi vacibdir: "Bizim bu gün regionun bir sıra ölkələri ilə problemimiz ondan ibarətdir ki, biz onlardan razılaşmaya əsasən Ermənistanın ərazi bütövlüyünü tanımasını istəyirik. Amma başqalarının bunu tanımasını istəyiriksə, ilk növbədə özümüz tanımalıyıq. Gəlmişəm deməyə ki, gələcəyimizi qurmağın yeganə yolu budur”. Paşinyan Ermənistanın legitim olaraq özünə məxsus olanı tələb etmək istədiyi halda, legitim olaraq ona məxsus olmayandan əl çəkməli olduğunu deyib. O, Azərbaycanın ilk növbədə 4 anklav olmayan kəndi ilə bağlı məsələni qaldırdığını deyib. Hələlik söhbət 4 qeyri-anklav kəndindən gedir. Paşinyanın Ermənistanın müharibəyə imkan verməməli olduğunu da diqqətə çatdırıb: “Siyasətimiz ondan ibarətdir ki, biz müharibəyə imkan verməməliyik, müharibənin başlamasına imkan verməməliyik".
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın baş naziri əvvəllər də öz bəyanatlarında Azərbaycanın işğal altında saxlanılan kəndləri ilə bağlı müəyyən açıqlamalarla çıxış etmiş, kəndlərin qaytarılmasından danışmışdı. Baxmayaraq ki, sonrakı açıqlamasında ikibaşlı ifadələr yer alırdı, amma ümumən baş nazirin açıqlamasını belə dəyərləndirmək olar ki, sözügedən ərazi heç zaman Ermənistanın hüquqi ərazisi sayılmayıb:
"Əslində bu, dolayı yolla həmin ərazilərin Azərbaycana aid olduğunun etirafı deməkdir. Paşinyanın açıqlaması müəyyən məqamlar nəzərə alınmasa, Azərbaycanın lehinədir. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistan baş nazirinin və xarici işlər nazirinin sülh gündəliyi ilə bağlı mövqeyinə Ermənistanda çox ciddi müqavimət var. Söhbət ancaq siyasi müxalifətdən getmir, əhalinin də müqaviməti var. Hətta hakim partiyanın öz daxilində də müəyyən müqavimət var. Ermənistanda Qazaxın 7, Naxçıvanın 1 kəndinin, o cümlədən anklav olmayan kəndlərin qaytarılması ilə bağlı anlaşmalar təklif edilir. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın bununla bağlı bir açıqlaması olmuşdu. Yəni 4 kənd qaytarılır, əvəzində keçmiş "Dağlıq Qarabağa" hansısa "status" verilir. Hətta Nikol Paşinyan hökumətinə ən sərt müxalif mövqedə duran V.Oskanyan belə kəndlərin qaytarılmasının gündəlikdə olduğunu təsdiqləyir. Sülh gündəliyi yalnız Ermənistan tərəfində deyil, Azərbaycan tərəfində də çox ciddi sülh gündəliyi var. Baxmayaraq ki, mediamızın ritorikası daha çox hərbi yöndədir, sanki yenidən müharibəyə çağırış notları var. Amma Azərbaycan XİN rəhbərinin və dövlət başçısının açıqlamalarında daha çox sülh gündəliyi nəzərə çarpır. Azərbaycan Prezidenti də son açıqlamasında sülhə heç zaman olmadığı qədər yaxın olduğumuzu vurğuladı. Düşünürəm ki, sülhün əldə olunması üçün xarici oyunçuların da kifayət qədər fəallığı var. Cənubi Qafqaza, Azərbaycana reallaşan səfərləri, NATO baş katibinin səfərini də bu kontekstdə dəyərləndirmək lazımdır".
Analitik vurğulayıb ki, söhbət anklav olmayan 4 kəndin qaytarılmasından gedir:
"Bəs Qazaxın anklav kəndlərinin, Naxçıvanın Kərki kəndinin taleyi necə olacaq. Bunlarla bağlı hansı addımlar atıla bilər? Fikrimcə, bu yaxınlarda səslənmiş təklifin inkişaf etdirilməsinə ehtiyac var. Təklif bundan ibarətdir ki, Kərki kəndinin qaytarılması Qars müqaviləsi çərçivəsində həyata keçirilə bilər. Qars müqaviləsinin şərtlərinə əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisi qarant ölkələri tərəfindən - Rusiya və Türkiyə tərəfindən qorunur. Həmin müqavilənin qüvvədən düşməməsi bizim lehimizədir. Bu il Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunmasından istifadə edərək Naxçıvan məsələsi gündəliyə gətirilə bilər. Qazaxın 7, Naxçıvanın 1 kəndi olduqca strateji əhəmiyyətə malik ərazilərdir. Gələcəkdə yollar açılarsa, İran-Ermənistan marşrutu Kərki kəndinin yaxınlığından keçəcək. Kərki kəndinə nəzarətin bizdə olması həm də Türkiyə-Ermənistan və Türkiyə-İran əlaqələrində nəzarətə malik olmaq imkanı yaradır. Qazaxın işğal altında olan kəndlərinin geri qaytarılması isə bizə həm də İrandan keçərək Gürcüstana daşınacaq yüklərə, yaxud Ermənistandan Gürcüstana daşınan yüklərə nəzarət imkanlarının saxlanması deməkdir".
"Bəs kəndlərlə bağlı problem həll olunmadan sülhə nail olmaq mümkündürmü" sualına isə C.Quliyevin cavabı belə olub:
"Azərbaycan özünün üstün və güclü mövqeyindən istifadə edərək mümkün qədər problemin lehinə və qısamüddətli həllinə çalışır. Bu, haqlı bir yanaşmadır. Nə qədər ki, təsir imkanlarımız var, nə qədər ki, Ermənistan hələ Rusiyanı əvəzləyəcək qüvvə tapa bilməyib, Azərbaycanın imkanları var ki, daha çox təzyiq etsin və istədiklərinə, beynəlxalq hüquqa istinad edən tələblərinə daha çox nail olsun. Lakin delimitasiya və demarkasiyanın bir mənası da sülhün sürətləndirilməsidir. Əgər sülh əldə olunarsa, avtomatik olaraq işğal olunmuş ərazilərin geri qaytarılması məsələsi həllini tapacaq. Amma bəzən beynəlxalq praktikada delimitasiya və demarkasiya olmadan belə sülh müqavilələri imzalanır. Yaxud əksinə, sülh sazişi imzalanmadan ikitərəfli münasibətlər, xüsusən iqtisadi və diplomatik münasibətlər qaydasına salınır. Rusiya-Yaponiya nümunəsindən bunu bilirik. 1956-cı ilə kimi Rusiya ilə Qərbi Almaniya arasında müqavilə olmadan, müharibə şəraiti başa çatmadan iqtisadi-siyasi əməkdaşlıq qurulmuşdu. Əlbəttə, arzuolunandır ki, sülh müqaviləsi imzalansın. Yəni istədiyimiz şərtlərlə delimitasiya və demarkasiya başa çatsın, bundan sonra sülh müqaviləsi imzalansın. Amma təkrar deyirəm, bunlar olmadan da sülh müqaviləsi imzalana, ya da sülh imzalanmadan gərginliyin aradan qaldırılması üçün müəyyən addımlar atıla bilər. Azərbaycanın mövqeyi sadəcə sülh müqaviləsinin imzalanmasından ibarət deyil, həm də sülhün dayanıqlı olmasını təmin edən addımların atılmasıdır. Bu addımların içərisində Ermənistanın hüquqi aktlarına, o cümlədən Konstitusiya Aktına müəyyən dəyişiklik edilməsi tələbləri mühüm yer tutur. Düşünürəm ki, bu istiqamətdə danışıqlar davam edəcək. Qərbin və Türkiyənin sülhdə maraqlı olması sadəcə prosesi sürətləndirə bilər".