Azərbaycanın daha bir hədəfi...
Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var. Bu fikri prezidentin köməkçisi Hikmət Hacıyev Çinə səfəri ilə bağlı danışarkən bildirib. H.Hacıyev deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılması, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı strateji tapşırıqlar verilib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında əlaqələr bu istiqamətdə hərtərəfli şəkildə inkişaf edir: "Bütövlükdə, Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi, münasibətlərin daha da dərinləşdirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib". Prezidentin köməkçisi vurğulayıb ki, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, ilk növbədə siyasi məsləhətləşmələrin aparılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, eyni zamanda “Orta Dəhliz” kontekstində əməkdaşlıq məsələləri müzakirə olunub: "Orta Dəhliz hazırda beynəlxalq səviyyədə iqtisadi-ticari münasibətlərin inkişafında, daşımalarda öz əhəmiyyətini bir daha sübut edib. Çin tərəfindən də bu layihəyə böyük maraq var”. Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Çin qlobal Cənubu təmsil edən, inkişaf etməkdə olan ölkələrdir. Çinin “yaşıl enerji” sahəsində böyük təcrübəsi var. Pekində keçirilən görüşlərdə bu məsələlərə dair ətraflı müzakirələr aparılıb. Prezident Administrasiyasının rəsmisi beynəlxalq təşkilatlar çərçivəsində yaxın əlaqələri olan Azərbaycanın və Çinin bir-birinin mövqeyini dəstəklədiyini deyib: "Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir, “Vahid Çin” siyasətini müdafiə edir və bir-birinin əsas maraqlarına aid məsələlərdə Çini qətiyyətlə dəstəkləməyə hazırdır. Azərbaycan Çin ilə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji kimi sahələrdə əməkdaşlığı genişləndirməyə, ümumi inkişaf və rifaha nail olmağa hazırdır".
Çinin xarici işlər nazirinin müavini Sun Veydonq da qeyd edib ki, Çin sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iki ölkə bütün səviyyələrdə sıx əlaqələr saxlayır. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıqda mühüm irəliləyiş əldə edib və beynəlxalq səviyyədə səmərəli koordinasiya həyata keçirib: “Pekin iki dövlət başçısı arasında əldə edilmiş ümumi razılaşmalara əməl etmək, strateji baxımdan bütün sahələrdə sabit, dərin və güclü ikitərəfli əməkdaşlığı təşviq etmək və Çin-Azərbaycan münasibətlərinin səviyyəsini daim yüksəltmək üçün əməkdaşlıq etməyə hazırdır”.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a bildirib ki, qlobal iqlim dəyişikliyinin geosiyasi mübarizəyə təsirləri müzakirə predmetinə çevrilib. Ekspertin sözlərinə görə, görüşlərdə Bakıda keçiriləcək COP29-la əlaqədar qarşıda duran məsələlərin müzakirəsi belə deməyə əsas verir:
"Çinin enerji təhlükəsizliyinə yanaşması, o cümlədən dünyada yaşıl enerjiyə keçiddə qlobal güclərin mübarizəsinə davamlı diqqəti Azərbaycanı da maraqlandırır. Çünki Azərbaycanla Çinin əlaqələri yeni dünya nizamına uyğun formada qurulur. Burada Azərbaycan Çinin yüksələn və beynəlxalq təmsilçilik dairələrində artan təsirlərinə məxsusi diqqət ayırır. Çin isə Azərbaycanı Trans-Xəzər nəqliyyat dəhlizinin (Orta Dəhliz) tranzit və logistika qolu kimi yüksək qiymətləndirərək Cənubi Qafqazdakı strateji sərmayələrini yüksəldir. Başqa bir yandan, Rusiyanın Ukraynada apardığı hərbi kampaniya qlobal enerji təchizatını sıxsa da, Çin bundan ekspansiya məqsədləri üçün yararlanaraq geosiyasi çərçivə qurur. “Pekinsayağı yanaşma” Çinin müasir enerji siyasətini iqlim dəyişikliyindən irəli gələn öhdəlikləri idarə etməsini asanlaşdırır. Yəni Çin iqlim dəyişikliyi ilə böyük güc rəqabəti arasında özünəməxsus tənzimləyici status qazanmaq istəyir. Rəsmi Bakı belə rəqabətə biganə qala bilməz. Ən azından ona görə ki, Azərbaycan qlobal iqlim dəyişikliyi fonunda özünün alternativ enerji mənbələrini, yaşıl enerji potensialını genişləndirib ixrac əməliyyatlarına başlamaq istəyir. Azərbaycan COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Azərbaycan bir məqamı da yaddan çıxarmır. İqlim maliyyəsi ilə bağlı deklarativ öhdəliklərə baxmayaraq, nə Çin, nə də onun rəqibi ABŞ konkret liderlik nümayiş etdiriblər. Hər iki rəqabət tərəfi Azərbaycanda keçiriləcək COP29 fonunda lider iqlim donorları olmaqda həvəsli görünə bilər. Yekun olaraq, Hikmət Hacıyevin Çinə apardığı müzakirə qovluğu qlobal arenada geosiyasi gərginliyin Azərbaycanda keçiriləcək COP29 fonunda tənzimlənməsi düsturlarını özündə ehtiva edir. Azərbaycanın yaşıl enerji trayektoriyasına Çin investisiyalarını təşviq edir. Rəsmi Bakının qlobal gözləntilərini özünün regional siyasəti ilə uyğunlaşdırmaq proseslərini qeyd edir".