Tarixi anlar: Bu İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir -ŞƏRH

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.
Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.     

Qazaxlı olaraq təəssüratlarını "Sherg.az"la bölüşən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, mühüm tarixi anların şahidiyik:            
                
"Qazaxın kəndləri 1990-cı ildən işğal olunub. Təxminən 34 ilə yaxındır ki, əsarət altındadır. Aradan uzun illər keçdikcə bu insanlarda narahatçılığı artırır, ümidsizlik yaradırdı. Düşünürdülər ki, görəsən, düşmən tapdağı altında qalan torpaqlarımızı nə vaxt azad edəcəyik? Ancaq odumuzun 2015, 2016 və 2020-ci illər aralığındakı döyüşlərdə erməniləri məğlub etməsi, İkinci Qarabağ müharibəsində böyük qələbəmiz vətəndaşlarda inamı artırdı. Kəndlərin bir güllə atılmadan itkisiz, qansız azad edilməsi ikiqat xoşbəxtlik deməkdir. Təbii ki, bu Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycan dövlətinin gücünün və xalqın mübarizliyinin göstəricisidir. Bu işdə əməyi olan bütün hər kəsə, başda Ali Baş Komandan İlham Əliyevə təşəkkür borcluyuq. Fəxr edirik və tezliklə Qazaxın digər işğalda olan 3 kəndinin, Naxçıvanın Kərki kəndinin azad olunacağına inanırıq. Ötən aylarda saytların birinə verdiyim açıqlamada yaxın vaxtlarda Qazaxın kəndlərinin alınacağına dair fikirlər səsləndirdim və hazırda verilən xəbərlərə görə,  mayın 15-nə qədər Azərbaycan Ermənistana həmin ərazilərin boşaldılması üçün vaxt verib. Bu münasibətlə bütün Qazaxlıları və xalqımızı təbrik edirəm. Hesab edirəm ki, Azərbaycan daha da gücləndikcə müsbət, vətəndaşları sevindirən xəbərlərə tez-tez rast gələcəyik".