Ermənistan polisi “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın beş üzvünü saxlayıb. Bu barədə təşkilatın “Facebook” səhifəsində məlumat verilib.
Silahlı qruplaşmanın Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais Ağabekyan adlı üzvləri Noyemberyan rayonunun polis şöbəsinə aparılıb. Qeyd edək ki, həmin şəxslər Qazax rayonun Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən Azərbaycana təhvil veriləcək dörd kəndində saxlanılıblar.
Qeyd edək ki, Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında “Hayastan” fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var.
Məsələni dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan hakimiyyəti liberal maska geyinsə də, Nikol Paşinyan Ermənistanda müxtəlif terror təşkilatlarının varlığından zövq alır:
"Həmin təşkilatlardan müəyyən dövrlərdə də istifadə edib. Bu gün Ermənistanda "Döyüş qardaşlığı" terror təşkilatının fəaliyyətinə şərait yaradan elə Paşinyan hakimiyyəti olub. Təbii ki, bütün bunlar Ermənistandakı siyasi hakimiyyətin niyyətlərinin səmimi olmadığını göstərir. Bu tip etiraz aksiyaları Ermənistan müxalifətinə yarıyır. Çünki onların varlıq məqsədləri ancaq Azərbaycan-Türkiyə ilə korlanmış münasibətləri söykənib. Paşinyan hakimiyyəti isə bu etiraz aksiyalarından bir görüntü yaratmağa çalışır . Guya, ölkənin daxilində Paşinyana qarşı ciddi etirazlar var və bu etirazçılara rəğmən razılıqlar əldə ediblər. Ümumiyyətlə Nikol Paşinyan cinayyətkar terrorçu dəstələrin fəaliyyətini dayandırmalıdır. Ermənistan ərazisində hələ də "Döyüş qardaşlığı","VOMA", "ASALA" və Qarabağdakı separatçılarının tör-töküntüləri mövcuddur. Onların bir qismini həbs olunsa da, digərlərinə cəza verməməklə gələcəkdə istifadə etməyə çalışırlar. Ancaq Ermənistanın öz bölgələrində həbs etdikləri terorçuları Azərbaycana təhvil verəcəyi gözlənilmir. Əslində Nikol Paşinyan obyektiv siyasətçi olsa, Azərbaycana qarşı cinayyət törətmiş şəxsləri ölkəmizə təhvil verərdi. Ancaq Ermənistanda bu cür siyasi iradə mövcud deyil".