Politoloq: “Zəngəzur dəhlizi açılmayınca, o mövzulara toxunmağı erkən hesab edirəm"
Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib ki, Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır. Simonyanın sözlərinə görə, o, Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edir: "Bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır". Bir sıra ekspertlərin fikrincə, sülh prosesini irəliyə daşıyacaq məsələlər gündəmə gətirilə bilər. Lakin enerji məsələlərində ikitərəfli əməkdaşlığa başlamağın erkən olduğunu düşünənlər də var.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan da "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan-Azərbaycan arasında mümkün sülh müqaviləsi olmadan bu kimi mövzular haqda danışmaq tezdir. Ancaq təbii ki, Azərbaycanın tələbləri tam icra olunsarsa, yerdə qalan 4 kənd, Zəngəzur dəhlizi, mədəni-tarixi abidələrimizin məhvinə və digər zərər-ziyana görə Azərbaycana təzminatın tamamilə ödənilməsi başa çatarsa, bu kimi mövzuları müzakirə etmək olar:
""Dünən şeş, bu gün beş" edib özümüzü yüngülsaqqal edə bilmərik. Məncə, Ermənistanla bu cür mövzuların həlli elə də asan olmamalıdır. 30 ildən artıq xalqımıza divan tutan, genosid törədən bir dövlətlə bu cür əlaqələr yalnız təzminat məsələsi həll olunduqdan sonra mümkündür. Almaniya İsrailə təzminat ödədiyi kimi Ermənistan da Azərbaycana ödəməlidir. Təbii ki, Azərbaycan bölgədə sülhün tərəfdarıdır və işğal siyasətinə qarşıdır, çünki işğaldan əziyyət çəkmişik. Fəqət, öncə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları bərpa olunmalıdır. Öz ata-baba torpaqlarımıza ayaq basmayınca, Zəngəzur dəhlizi açılmayınca, o mövzulara toxunmağı erkən hesab edirəm".
Analitikə görə, Ermənistana təsirlər və təzyiqlər o həddə olmalıdır ki, tamamilə revanş fikrindən vaz keçsinlər, sülhü istəmək yox, sülh üçün yalvarsınlar: "Qaz məsələsi üçün Ermənistan nə vəd edir? Torpaqları qaytarmaq mövzusu buna cavab ola bilməz. Çünki torpaqlar Azərbaycana aiddir və gec-tez geri alınacaq. Zəngəzur məsələsi də ola bilməz, onsuz da 10 noyabr bəyannaməsinə görə Ermənistan üzərinə öhdəlik götürüb. Yəni bu kimi mövzular qaz məsələsini sığortalaya bilməz. Ermənistan Türkiyəyə qarşı qondarma erməni "soyqırımı" iddiasından vaz keçməli, Azərbaycana təzminat ödəməlidir. Bundan sonra sülh çərçivəsində qarşılıqlı maraqlar dilə gətirilə, hansısa iqtisadi əlaqələrə baxıla bilər".