Usta siyasətçinin CHP daxilində fırtına yaratmağa nail olub-olmayacağını zaman göstərəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli Ədalət və İnkişaf Partiyasının (AKP) Baş Qərargahında qəbul edib. Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri ilə görüşüb. Görüş təxminən bir saat yarım davam edib. Özəl Prezident Ərdoğanla görüşündən sonra “Sözcü”yə açıqlama verib. Prezident deyib ki, görüş müsbət bir atmosferdə keçib: "Müsbət nəticələr verəcəyinə ümid edirəm. Önümüzdəki günlərdə hadisələri izləyəcəyəm. Müzakirə və mübarizəmizi birlikdə aparacağıq". Görüş zamanı salonda boş qalan oturacaq diqqət çəkib. Ərdoğanın oturacağı ortada, Özələ isə sağda yer verilib. Özəllə üzbəüz oturacaq boş qalıb. Bildirilib ki, bu oturma tənzimləməsi Ərdoğanın prezident postunda olduğu üçün xüsusi olaraq seçilib. Ərdoğan deyib ki, MHP sədri Dövlət Baxçalı gəldiyi zaman da belə otururuq. Türkiyə lideri bunu kompensasiya etmək üçün CHP-nin qərərgahına təşrif buyuracağını deyib, Özəl isə bundan məmnun olacağını bildirib.
Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Ərdoğan Özəllə prezident sarayında deyil, AKP-nin qərargahında görüşüb. Ekspert diqqət çəkib ki, iki liderin yanaşı kresloda oturması və qəbulun partiya qərargahında gerçəkləşməsi onu deməyə əsas verir ki, Ərdoğan Özəli partiya lideri olaraq qəbul edir:
"Ərdoğanın CHP lideri ilə illər sonra görüşməsinin bir neçə səbəbi var. Birincisi, təbii ki, son bələdiyyə seçkiləridir. AKP ilk dəfə seçkidə məğlub oldu. Özəlin partiyanın başına gəlişindən sonra CHP böyük uğur əldə etdi və səs faizinə görə AKP-ni uddu. CHP 50 ilə yaxın müddətdə belə uğur qazanmamışdı. Bu, Ərdoğan üçün riskdir. Türkiyə prezidentinin partiyası ölkədə faktiki olaraq ikinci partiyadır. İkinci məsələ iqtisadiyyatla bağlıdır ki, bu məsələ görüşün əsas müzakirə edilən maddəsi olub. Türkiyənin iqtisadi vəziyyəti heç də ürəkaçan deyil. Ərdoğanın vəziyyəti düzəltmək üçün xaricdən xüsusi dəvətlə gətirib maliyyə naziri təyin etdiyi Mehmet Şimşek də uğura imza ata bilmədi. Buna görə prezident ana müxalifətin lideri ilə hesablaşmalıdır".
Z.Əmralıyevə görə, digər məsələ AKP-nin təklif etdiyi Konstitusiya dəyişikliyi məsələsidir ki, Ərdoğanın bunu müxalifətin dəstəyi olmadan həll etməsi qeyri-mümkündür: "Xüsusilə AKP və ortağı MHP arasında bu məsələyə görə son zamanlar ciddi fikir ayrılığı yaşanır. Son zamanlar MHP liderinin dövlət aparatında nüfuz dairəsi genişlənib. Ərdoğan-Özəl görüşündə müzakirə olunan məsələdən biri də məhkəmələrdə yaşanan vəziyyət idi. Hazırda Türkiyədə məhkəmə prosesləri əsas problemlərə çevrilib. Vətəndaş cəmiyyətləri məhkəmə sistemini demokratik sistemin əleyhinə fəaliyyət göstərməkdə, tapşırıq icra etməkdə ittiham edir. Özəl Ərdoğanın diqqətinə ölkədə məhkəmə islahatlarının aparılmasının zərurətini çatdırıb. Ərdoğanın Özgür Özəllə son zamanlar qurduğu əlaqələr, onunla yüksək atmosferdə görüş keçirməsi, Dəniz Baykal və Kamal Kılıçdaroğluna nisbətən Özgür Özəllə güclü mübahisələrə girməməsinin bir səbəbi də ehtimal ki, Əkrəm İmamoğlu məsələsidir. Ərdoğan CHP içində artan İmamoğlu nüfuzunun qarşını Özəllə almaq istəyir. Xüsusilə son zamanlar partiya lideri ilə İstanbulun meri arasında münasibətlərdə soyuqluq müşahidə edilir. Buna qədər CHP içində yalnız prezidentlik üçün İmamoğlunun adı keçirdi. Özəl sanki Mansur Yavaşı ortaya ataraq İstanbulun rəhbərinə onun siyasi kariyerasının məhz özündən asılı olduğunu bildirməyə çalışdı. İstanbulu itirməmək üçün Kılıçdaroğlunun yerinə namizəd olmayan İmamoğlu Özələ dəstək verib onu CHP sədrinin kreslosunda otdurduqdan sonra özünü faktiki olaraq partiyanın lideri kimi aparmağa başlayıb. Ərdoğanın CHP içində də əsas tənqid hədəfi partiya lideri Özəl yox, məhz İstanbul bələdiyyəsinin sədri İmamoğludur. Hələ qarşıda 4 il var, Ərdoğanın CHP daxilində fırtına yaratmağa nail olub-olmayacağını məhz bu illər göstərəcək. Beləliklə, Türkiyənin siyasi həyatında mühüm yer tutacaq tarixi görüş baş tutdu və gözlənildiyindən də yüksək atmosferdə keçdi. Özəl mühüm məsələlər barədə razılığa gəlməkdən çəkindi, yeni seçildiyi və mövqeləri kövrək olduğuna görə məsafəli olmağa çalışdı. Usta siyasətçi Ərdoğan da bunu gördü və bacardıqca ana müxalifət liderinin üzərinə getdi. Ümumi olaraq təmasların davam etməsi, iki partiya arasında dialoq mühitinin davam etdirilməsi, ziyarətlərin davamlı olması barədə qərar qəbul edildi".