Mayın 4-də Müsavat Partiyasının XI Qurultayı keçirilib və 300-dən çox nümayəndənin iştirak etdiyi qurultayda İsa Qəmbər partiya sədri seçilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkədə demokratik dəyişikliyə keçid üçün iqtidarla ictimai saziş təklifi ilə çıxış edib. Sədr vurğulayıb ki, hakimiyyətlə cəmiyyət arasında, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır: "Demokratik birliyin içində bir ictimai birlik olmalıdır. Media, vətəndaş cəmiyyəti, siyasi qüvvələr, ziyalılar birgə iradə ortaya qoymağı bacarmalıdır". İsa Qəmbər hesab edir ki, ölkədəki problemləri həll etmək elə də asan olmayacaq: “Ancaq bu mümkündür. İnanıram ki, birgə səylərlə hədəflərə çata bilərik, problemləri həll edə bilərik. Çünki biz millət olaraq çox böyük hədəflərə çatmağı bacarmışıq. Biz 80-ci illərdə hərəkata başlayanada əsas üç hədəfi qarşımıza məqsəd qoymuşduq. Azərbaycanın istiqlalı, ərazi bütövlüyü və demokratiya, haqq-ədalət, xalqın xöşbəxtliyi. Fakt budur ki, torpaqlarımızın azad edilməsi indiki hakimiyyətin dönəmində baş verib və biz bunu reallıq kimi qəbul edirik”. Onun fikrincə, demokratiya, haqq-ədalət, xalqın xoşbəxtliyi hədəfi qalır: “Bu hədəf böyük və mürəkkəb bir hədəfdir. Bu, mütləq olacaq". İsa Qəmbər demokratik dəyişikliklərin dinc yolla baş verməsinin təfədarı olduğunu bildirib. Partiyanın sabiq rəhbəri Arif Hacılı hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, bütün mübarizə tarixində partiya müsavatçılıq yolunu davam etdirib. Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kultur Dərnəyinin başqanı Cəmil Ünal təbrik nitqində deyib ki, Müsavat Partiyası dəyərlərini reallaşdırmaq üçün yüz minlərlə şəhid verən bir siyasi qurumdur: "Müsavat Partiyası 72 il mühacirətdə yaşamağa məcbur edilmiş böyük bir siyasi təşəkküldür". Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Bakıda yaradılıb. Müsavat Partiyasının ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, “İsmailiyyə” binasında keçirilib. 1918-ci il mayın 28-də Tbilisidə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan edib. 1918–1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub. Rusiya imperiyası Azərbaycanı işğal edəndən sonra partiya 1922-1989-cu illədrə mühacirətdə faəliyyətini davam etdirib. 1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin ovaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir. 2014-cü ilə kimi partiyaya İsa Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.
"Yeni Müsavat" Media Qrupun rəhbəri Rauf Arifoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Müsavat Partiyasının yeni başqanı İsa Qəmbərə Arif Hacılıdan çox pis miras qalıb. Baş redaktorun sözlərinə görə, İsa Qəmbər darmadağın olunmuş, parçalanmış, zəiflədilmiş, qrup halına salınmış bir partiyanı təhvil alıb: "Müsavat Partiyasının yenidən dirçəldilməsi, müxalifət sıralarına qaytarılması lazımdır, önəmlidir, vacibdir. Bəs İsa Qəmbər bunu edəcəkmi, yaxud edə biləcəkmi? İnanıram ki, İsa Qəmbər Müsavatı indikindən daha yaxşı vəziyyətə gətirə biləcək. Çox arzulayardım ki, sekulyar müxalifət, normal müxalifət güclənsin. Görürəm ki, hakimiyyətin də son illərdəki kursu bundan ibarətdir. Prezident İlham Əliyev tərəfindən Adminstrasiyada Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da bu məntiqə söykənir. Hakimiyyət görür ki, sekulyar mühit və müxalifət zəiflədikcə dini müxalifət güclənir. Mərkəzləşdirmə ideologiyası başqa paytaxtlarda olan qruplar, partiyalar, camaatlar, icmalar yaranır. Bu baxımdan elə etmək lazımdır ki, normal müxalifət güclənsin, amma güclənərkən də dağıdıcı elementə çevrilməsin".
R.Arifoğlu hesab edir ki, İsa Qəmbərin Müsavat Partiyasının başqanlığına qayıtması, rəhbərliyi ələ alması sekulyar müxalifətin güclənməsinə və dağıdıcı deyil, yapıcı, konstruktiv müxalifətin yaranmasına səbəb olacaq: "Azərbaycan böyük Zəfər qazanıb. Artıq İsa Qəmbərin başqanlıqdan getdiyi Azərbaycan yoxdur, yeni bir Azərbaycan var. Zəfər qazanmış, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan var. Yeni şərtlər, yeni çağırışlar, tələblər mövcuddur. Nə qədər qəribə olsa da, bu çağırışlara, tələblərə Müsavat Partiyasının vitrinində cavab verəcək ancaq İsa Qəmbər qalıb. Digər liderlər "xain" damğası ilə partiyadan uzaqlaşdırılıb. İsa Qəmbərin hakimiyyətlə ictimai saziş təklifini də normal qəbul edirəm. Bilmirəm, Müsavat başqanının partiya sədrliyindən və belə bir mesaj verməzdən öncə hakimiyyətlə hansısa təması olub, ya yox. Yaxud hansısa anlaşması varmı-yoxmu? Amma təklifi çox normal və müsbət qiymətləndirirəm. Belə də olmalıdır. Hakimiyyətlə müxalifətin münasibətləri normallaşmalıdır. Bu istiqamətdə böyük addımlar atılıb".
Rauf Arifoğlu vurğulayıb ki, az öncə qeyd etdiyi şöbə məhz bu münasibətlərin normallaşması üçün yaradılıb və müharibə dövründə özünü müsbət mənada göstərir: "Azərbaycanın bundan sonra da milli birliyə, siyasi həmrəyliyə ehtiyacı var. Qarşıda böyük proseslər gözlənilir. Yeni dünya düzənində Azərbaycan mərkəzi roldadır. Burada heç bir dağıdıcı elementin, kənar güclərin strukturlaşmasına yol vermək olmaz. İsa Qəmbər milli adamdır, dövlətçi adamdır. Bunu dəfələrlə sübut edib. İnanıram ki, o, Müsavat Partiyasının başında Azərbaycan dövləti və dövlətçilik üçün böyük fayda verəcək. Əlbəttə, istərdim ki, İsa bəy həm də parlamentin üzvü olsun, ya da heç olmasa bir nəfər Müsavat Partiyasından parlament seçkilərində qaliblər sırasında olsun. Bu zaman münasibətlərin daha da normallaşması və konstruktivləşməsi haqqında danışmaq olar".