Sonun başlanğıcı: Tarix bəlli oldu

XİN başçıları mayın 10-da bir araya gələcək

Almatı görüşündən müəyyən nəticələr gözləmək mümkündür

  Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə deyib ki, görüş mayın 10-da Almatıda baş tutacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid etdiyini bildirib. Mirzoyan qeyd edib ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəlikləri müzakirə etmək və onları yazılı şəkildə qeyd etmək imkanı olacaq. O, həmçinin danışıqların “irəli addım” olacağına, “hər iki tərəfin öz öhdəliklərinə sadiq qalacağına”, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatlarını müzakirə etməyə davam edəcəyinə ümidli olduğunu söyləyib. Mirzoyan onu da əlavə edib ki, Ermənistan Almatıdakı danışıqlarda Azərbaycanla iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etməyi gözləyir: “Hər iki ölkənin marağı ən mühüm mövzular arasında Almatı müqaviləsi çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanıması məsələsini müzakirə etməkdir”. XİN başçısı diqqətə çatdırıb ki, Ermənistan Almatı danışıqlarında regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması məsələsində Azərbaycanla nizamlanmanı müzakirə etmək niyyətindədir: “Biz nəqliyyat infrastrukturunu blokadadan azad etmək istərdik, amma hələlik ümumi razılıq yoxdur. Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan yolları və ticarət marşrutlarını açmaqdır”. Onun sözlərinə görə, ikitərəfli komissiyalar sərhədlərin delimitasiyası ilə bağlı detalların müzakirəsini davam etdirir.
  Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq İlham İsmayıl "Sherg.az"a açıqlamasında deyib ki, Qazaxıstan Prezidenti K.C.Tokayevin martın 11-də Azərbaycana səfərindən sonra həmin ölkənin xarici işlər naziri Ermənistana səfərə getdi:

"Bundan bir ay sonra Tokayevin Ermənistan səfəri reallaşdı və tərəflərin Qazaxıstanda görüş məsələsi ortaya çıxdı. Bu o deməkdir ki, Almatı görüşünün təşəbbüsü daha çox Bakıdan gəlib. Reallıq odur ki, 3 ildən artıqdır görüşlərin təşkil edilməsi məsələsində Qərb Rusiyanı, Moskva isə ABŞ və Avropanı qısqanır. O baxımdan məkan olaraq Qazaxıstan daha əlverişlidir və perspektivdə səmərli platformaya çevrilmə ehtimalı yüksəkdir. Çünki nə Qərb, nə Rusiya, nə də Çin Qazaxıstanı qısqanmırlar. Ona görə də Almatı görüşündən müəyyən nəticələr gözləmək mümkündür. Hesab edirəm ki, Ermənistanda baş verən yüngül iğtişaşlar prosesə təsir göstərmək gücündə deyil. Böyük ehtimal bunlar uğursuz cəhdlər kimi mayın 9-10-da bitəcək. Hətta protokola əsasən mayın 15-dək Qazaxın 4 kəndi məsələsi rəsmən həllini tapandan sonra perspektivdə sülhün çərçivə sənədi ilə bağlı Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsində görüş də mümkündür. Dövlət başçılarının görüşü Qazaxıstanda keçirilə bilər. Düzdür, prosesə mane olan qlobal və regional qüvvələr var. Amma artıq onların da təsirləri əvvəlki səviyyədə deyil. Ona görə də Almatı görüşü və sonrakı gedişatla bağlı gözləntimiz müsbətdir".