Etirazların dairəsi günü-gündən genişlənir və sonunun necə bitəcəyi ilə bağlı proqnoz vermək çətinləşir
Gürcüstanda "Xarici agent haqqında" qanun layihəsinə etirazlar vəziyyəti kifayət qədər mürəkkəbləşdirib. "Gürcü arzusu" Partiyası qanun layihəsinin qəbul edilməsini istəyir. Lakin müxalifət Qərbdən aldığı dəstəklə qanun layihəsini geri qaytarmağa çalışır. Əslində, Gürcüstan hökuməti öz mövqeyində haqlıdır. Çünki bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür. Eyni ssenari 2004-cü ildə Gürcüstanda artıq tətbiq olunmuşdu. Hakimiyyətə gətirilmiş Saakaşviliyə yalan vədlər verildi, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. Rusiya qoşunları isə Tbilisinin bir neçə km. yaxınlığına gəlib çatdılar. Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı və nəticədə uduzan Gürcüstan cəmiyyəti oldu. Baş verənlər ABŞ başda olmaqla Qərbin gürcü xalqına qarşı təxribatı idi. İndi bu təxribatın yenidən təkrarlanmasına cəhd olunur. Ancaq 2004-cü ildən fərqli olaraq, gürcü xalqı təhlükəni görür və avantüraya getmir. Yaxşı olardı ki, Gürcüstan hakimiyyəti Qərbin əsl niyyətini illər əvvəl görəydi və yeni avantüranın bu qədər ayaq açmasına imkan verməyəydi. Çünki ötən illər ərzində Qərb Gürcüstanda çox güclü şəbəkə qurub. Ölkədə fəaliyyət göstərən 25 minə yaxın QHT-nin böyük hissəsini maliyyələşdirir və öz iradəsinə uyğun idarə edir. Gürcüstan cəmiyyətində çox ciddi dəyişikliklər baş verdi. Narkomaniya, milli-mənəvi dəyərlərin aşınması, cinsi azlıqlar hərəkatının geniş vüsət alması və s. göz önündədir. Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya gedib aşağı işlərdə işləyir. Oxşar proses Ukraynada da müşahidə olunurdu. Hər dəfə hansısa preferensiyalar müqabilində Gürcüstandan dəhşətli güzəştlər tələb olunur, Gürcüstan cəmiyyətinin əsasları laxladılır. Hadisələrin belə inkişaf etməsi ən pis halda Gürcüstanın yeni Ukraynaya çevrilməsi ilə nəticələnəcək. Yaxşı halda isə gürcü xalqı milli identikliyi olmayan topluma çevriləcək. Hazırda gürcü cəmiyyətinin müqaviməti Amerikanın və Qərbin regiondan qovulması prosesinin təzahürüdür. Bu proses öncə Azərbaycanda başladı, 2010-cu ildən başlayaraq Amerikanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı. "NED" təşkilatının Bakı ofisinin rəhbəri Aleks Qriqorevs kimi təxribatçıların cəmiyyəti, gəncləri qiyama qaldırmaq cəhdləri iflasa uğradıldı. QHT-nin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. Maraqlıdır ki, bu gün xarici agent qanununun qəbul olunmasına qarşı sərt çıxış edən Amerika özü bu qanunu hamıdan əvvəl qəbul edib. Avropa İttifaqında da müvafiq hüquqi aktlar fəaliyyətdədir. ABŞ, Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. Azərbaycan istəməzsə, bu regionda ayaq aça bilməyəcək. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək. Sanksiyaların heç bir nəticəsi olmayacağını anlayaraq bu addımdan da geri çəkiləcəklər. Bu gün Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb. Qərb Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. Buna görə də ciddi cəhdlə "Abzas media", "Toplum TV" kimi layihələri müdafiə edir, qanunları pozduqlarına görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasına nail olmağa çalışır. Bu gün istintaqa cəlb olunmuş şəxslər bütün əməllərini etiraf edirlər, adlar, təşkilatlar, maliyyə barədə ətraflı məlumatlar verirlər. Növbədə isə Paşinyan və onun idarə etdiyi Ermənistandır. Bu, bir daha təsdiq edir, milli maraqlara söykənən müstəqil siyasət kursunun alternativi yoxdur!
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında bildirib ki, Gürcüstanda davam edən etiraz aksiyaları bu ölkədə Qərbin və Rusiyanın maraqlarının toqquşmasından irəli gəlir. Deputatın sözlərinə görə, 2008-ci ildə Qərb Gürcüstanı öz təsiri altına salmaq istədi və bu, ölkə ərazilərinin bir hissəsinin itirilməsi ilə başa çatdı:
"Sonra bir müddət Gürcüstanda sabitlik hökm sürdü. Bu gün Gürcüstanda hakimiyyətdə Qərbyönümlü prezident və neytral mövqe sərgiləyən hökumətin olması yenidən fikir ayrılıqları meydana gətirdi. Qərb qonşu ölkələrə qanunsuz maliyyələrin ötürülməsi üçün Gürcüstanı meydan kimi istifadə edir. Təbii ki, qanunsuz və hesabatsız maliyyələrin ölkələrə gəlməsi dövlət quruluşları üçün təhlükə mənbəyinə çevrilir. Çünki məqsədsiz heç kim pul xərcləmir. Ona görə də Gürcüstan “Xarici agentlər haqqında” qanunu qəbul etmək istəyir".
Parlament üzvü vurğulayıb ki, Gürcüstan belə bir qanunu qəbul edən ilk ölkə deyil: "Məsələn, ABŞ 1938-ci ildə qəbul edib. Sonra Fransa və digər ölkələr bənzər addımı atıblar. Sual olunur, Gürcüstan niyə bu qanunu qəbul etməsin? Bu məsələ ABŞ-ni niyə narahat etməyə başladı? Bu sualın bir cavabı var. Belə bir qanunun qüvvəyə minməsi Gürcüstana və bu ölkə vasitəsilə regiona yönəldilən maliyyələrin davam etdirilməsində çətinlik yaradacaq. Ona görə də qanun müzakirəyə çıxarılan ilk gündən Qərbyönlü qüvvələr küçələrə çıxaraq mitinqlər keçirməyə başladılar. Aksiyalara qatılanların hökumətə qarşı narazılıqları ifadə olunmur. Bu, sadəcə "Xarici agentlər haqqında" qanuna qarşı etirazlar kimi təqdim olunur. Çox təəssüf ki, etirazların dairəsi günü-gündən genişlənir və sonunun necə bitəcəyi ilə bağlı proqnoz vermək çətinləşir. Hər halda bizim üçün qonşu Gürcüstanda sabitliyin olması çox vacibdir".