Proses mürəkkəbləşir, inanırıq ki, qonşu Gürcüstan xalqı bu prosesdən də çıxacaq
"Gürcüstanda baş verənlər Rusiya-Qərb qarşıdurmasıdır". Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Deputat vurğulayıb ki, bənzər qarşıdurma özünü Ermənistanda da göstərdi:
"Gürcüstanda hazırda müşahidə olunan qarşıdurmanı Azərbaycanda da yaratmağa çalışırdılar, amma bacarmadılar. Ancaq Gürcüstanda bu prosesin ağır formada getdiyini görürük. Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün addımlar atır və atmalıdır. Bu mənada Gürcüstan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bir sıra addımlar ata bilər. Maraqlıdır ki, bu qanunu ABŞ və Fransa vaxtı ilə qəbul ediblər, öz ölkələrində tətbiq ediblər. Konkret bu məsələlərlə bağlı qadağalar, məhdudiyyətlər var. Amma bu gün Gürcüstanda əhalini etirazlara səsləyirlər". Parlamentari qeyd edib ki, əslində, Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır: "Qərb ölkələrinin, müəyyən dairələrin qonşu ölkədə möhkəmlənmək niyyəti bəllidir. Bunun üçün də QHT-yə böyük vəsaitlər ayırırlar. Məhz bu vəsaitin ayrılması Gürcüstanda vəziyyətin gərginləşməsinə, qarşıdurmalara səbəb olur. Qərb təsisatları Gürcüstanda çoxlu sayda QHT-ni maliyyələşdirir, onlara ianələr verirlər. Həmin təşkilatları hökumətə qarşı etirazlara cəlb edərək sözügedən qanunun qəbul edilməsinin qarşısını almağa çalışırlar. Halbuki zamanında özləri də bu addımı atıblar. Proses mürəkkəbləşir, inanırıq ki, qonşu Gürcüstan xalqı bu prosesdən də çıxacaq və bu istiqamətdə cərəyan edən proseslərin qarşısı alınacaq".