Analitik: ABŞ səfirinin Şuşaya təcili səfəri təsadüfi deyil

Vaşinqton Azərbaycanla münasibətlərinin növbəti dəfə korlanmasının qarşısını vaxtında ala bildi
 
“ABŞ artıq 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrini tam surətdə qəbul edir. ABŞ-nin bu rasional mövqeyi yəqin ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşməsinə də öz müsbət təsirini göstərəcək”
 
 
 Xəbər verdiyimiz kimi ABŞ səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. Səfir iki aya yaxındır bu səfərə hazırlaşdıqlarını deyib. Libbi digər bölgələrimizə də səfər etmək niyyətini ortaya qoyub. Qeyd edək ki, Qərb ölkələrinin, o cümlədən ABŞ-nin səfiri 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş bölgələrə getməkdən imtina ediblər. Əslində, Qərb ölkələrini təmsil edən səfirlərin Qarabağa səfərləri çoxdan gözlənilirdi. Lakin budəfəki səfər o mənada gözlənilməz oldu ki, ABŞ-nin Azərbaycandakı səfiri jurnalistlərə açıqlamasında işğaldan azad edilmiş ərazilərə "səfər şousu"nda iştirak etmək istəmədiyini açıqlamışdı.

 Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, çılğın ermənipərəst konqresmenlərin yuvasına çevrilən Kapitolidən və məsuliyyətsiz açıqlamalarla çıxış edən Dövlət Departamentindən fərqli olaraq Ağ Evdə hələ də reallıq hissini itirməmiş şəxslər var. Ekspertin sözlərinə görə, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin operativ surətdə Şuşaya göndərilməsi də Ağ Evdəki həmin sağlam düşüncəli rəsmilərin, Azərbaycan-ABŞ münasibətlərinin inkişafına yüksək dəyər verən strateji vizyon sahiblərinin işidir: 
"Səfir Libbinin bir neçə gün öncə jurnalistlərə müsahibəsində Azərbaycanla bağlı yol verdiyi kobud səhvlə və “kiminsə şousu”nda iştirak etmək istəmədiyi kimi təxribatçı fikirlər ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdu. Ağ Ev Administrasiyası olaya çevik reaksiya verərək səfiri öz açıqlamasının ziddinə addım atmağa məcbur etdi. ABŞ səfiri xanımı ilə birlikdə Füzuli və Şuşaya yollandı. Amerikalı səfirin təxribatçı açıqlaması Ermənistan ictimaiyyəti tərəfindən ajiotajla qarşılandı və revanşist ermənilərin sevincinə səbəb oldu. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına açıq zərbə idi. Baqrat Qalstanyan kimi revanşist keşişlər bunu özləri üçün fürsət kimi dəyərləndirərək narazı kütləni delimitasiyanın əleyhinə daha kəskin çıxış etməyə və Paşinyan iqtidarını devirməyə çağırış edə bilərdi. Yəni ki, səfir Mark Libbi naşı və məsuliyyətsiz açıqlaması ilə necə deyərlər, qaş qayırmaq istədiyi yerdə, vurub gözü də çıxarmışdı".

 Analitikin sözlərinə görə, rəsmi Vaşinqton öz səfirinin buraxdığı kobud səhvi düzəltməklə Azərbaycanla yaxşı münasibətlərin qorunub saxlanmasına xüsusi önəm verdiyini göstərdi: 
"Amerikalı səfirin məlum qalmaqallı açıqlamasından cəmi iki gün sonra öz sözünü geri götürməsi və Şuşaya təcili səfər etməsi heç də təəccüblü deyil. Xatırlayırsınızsa, bundan bir müddət əvvəl də ABŞ-Azərbaycan münasibətlərində buna bənzər ekstremal bir hal yaşanmışdı. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen erməni lobbisinin təsiri altında Azərbaycan əleyhinə sərt ifadələr səsləndirmiş və ölkəmizi sanksiyalarla hədələmişdi. Lakin Obrayenə dərhal yeri göstərildi və dərsi verildi. Və həmin açıqlamasından az sonra Obrayen öz səhvini düzəltmək üçün suyu süzülə-süzülə Bakıya səfər etdi. Bu baxımdan Mark Libbinin də yerində oturdulacağı gözlənilən idi. Azərbaycan dövlətinin və ictimaiyyətinin prinsipial, qətiyyətli mövqeyini görən Ağ Ev administrasiyası reallığı düzgün qiymətləndirdi və öz səfirini təcili surətdə Şuşaya göndərməklə ABŞ-Azərbaycan münasibətlərinin növbəti dəfə korlanmasının qarşısını vaxtında ala bildi. Bu həm də, onu göstərdi ki, ABŞ artıq 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrini tam surətdə qəbul edir. ABŞ-nin bu rasional mövqeyi yəqin ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşməsinə də öz müsbət təsirini göstərəcək. ABŞ bir dünya gücü olaraq münaqişənin tam olaraq çözülməsi prosesində müsbət rol oynamağa çalışmalıdır. Bu cür böyük dövlətin xarici siyasətinin erməni lobbisinin diktəsindən asılı vəziyyətə düşməsi, əlbəttə ki, yolverilməzdir. Ümid edək ki, rəsmi Vaşinqton bundan sonra Azərbaycanla bağlı siyasətini erməni lobbisinin maraqları üzərindən qurmayacaq. ABŞ diplomatları da bundan sonra Azərbaycana münasibətdə daha ehtiyatlı olacaqlar".