Azərbaycan-Slovakiya həmrəyliyi: Müharibə “qırğı”larına mesaj

Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldırır

  Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Slovakiya əlaqələrinin tarixində əlamətdar gün hesab olunur. Eyni zamanda hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun imzalanması, siyasi məsləhətləşmələrin aparılması, enerji sahəsindəki əməkdaşlıq Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifənin açılmasına işarədir. Azərbaycanla Slovakiyanın diplomatik əlaqələri 1993-cü ildən qurulsa da, Prezident İlham Əliyevin 2004-cü ildə Slovakiyaya səfəri ikitərəfli münasibətlərin genişlənməsində böyük rol oynayıb. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir. Onlar yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Məhz bu kontekstdə iki ölkənin əməkdaşlığının bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Çünki Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu, əlbəttə ki, həm də böyük rəmzi məna daşıyır. Əgər bu bir tərəfdən Azərbaycan-Slovakiya əlaqələrinin səmimiliyinin dərəcəsini göstərirsə, digər tərəfdən işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək. Azərbaycan-Slovakiya münasibətlərində enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan 8 Avropa ölkəsinə təbii qaz ixrac edir. 2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə Azərbaycan qazının Slovakiya bazarına da nəql edilməsi üçün yaxşı imkanlar yaradılıb. Bu mənada Azərbaycan təbii qazını 9-cu Avropa ölkəsi olmaqla Slovakiyaya da ixrac edə biləcək. Lakin onu da nəzərə almaq lazımdır ki, Azərbaycan bərpaolunan enerji növlərini də Avropa ölkələrinə ixrac etməyi planlaşdırır. Bu səbəbdən də Balkan yarımadasına çıxacaq elektrik enerjisi xətti Slovakiyanı da əhatələyə bilər.
  Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Azərbaycanın xarici siyasətində son vaxtlar əsas prioritetlərdən biri qlobal geosiyasi körpü rolunda çıxış etməsidir. Analitik vurğulayıb ki, söhbət qlobal Cənubla kollektiv Qərb arasında münasibətləri tənzimləyən, qarşıdurmaları dialoqa çevirə bilən nizamlayıcı qüvvədən, subyektdən, moderatordan gedir:

"Əlbəttə, bu gün bu missiyanı öz üzərinə götürmək istəyən və bu istiqamətdə hətta bir-birilə kəskin rəqabətə girən ölkələr çoxdur. Lakin bizim ölkəmizin dünyanın əsas güc mərkəzləri arasında əlaqələndirici rolunu uğurla yerinə yetirmək imkanları daha çoxdur. Slovakiyanın Baş naziri Robert Fitsonun Bakıya səfərinin gedişində Azərbaycanın bölgədə və beynəlxalq arenada artan nüfuzunun Qlobal Cənub ilə Avropa İttifaqı arasında körpü olmağa əlverişli zəmin yaratdığını əyani olaraq müşahidə etdik. Slovakiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafı eyni zamanda Qlobal Cənub ilə Avropa İttifaqı arasında körpülərin qurulması və möhkəmləndirilməsinə xidmət edir. Fitsonun ötən gün baş tutan səfəri çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldırır və iki ölkə arasında əlaqələrdə yeni səhifə açır. Hər bir xarici ölkə ilə geniş iqtisadi, mədəni, hərbi və s. əlaqələr məlum məsələdir ki, ilk növbədə sıx siyasi əlaqələrin mövcudluğu əsasında qurulur. Bu baxımdan hazırda rəsmi Bakı ilə Bratislava arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu əminliklə vurğulaya bilərik. Cənab Prezident də Slovakiyanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşlər çərçivəsində siyasi əlaqələrimizin yüksək səviyyədə olmasının bir daha təsdiqləndiyini qeyd etdi".
  Ekspert vurğulayıb ki, Azərbaycan və Slovakiya liderlərinin görüşlərində eyni zamanda bir çox sahələr üzrə aparılacaq işlər də ətraflı müzakirə olunub: "İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər də xüsusi yer tutur. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılıb və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara da start verilib. Təbii ki, müdafiə və müdafiə sənayesi kimi mühüm strateji sahələrdə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlinməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Tərəflər arasında əməkdaşlıq sazişinin imzalanması Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılmasına təkan verəcək. Fitso bəyan etdi ki, bunun üçün texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar isə ya ixrac olunacaq, dünya bazarına çıxarılacaq, ya da ki Azərbaycanda qalacaq. Bir sözlə, sözügedən sazişlər Azərbaycanın yerli müdafiə sənayesini dəstəkləmək üçün unikal imkan təqdim edir. Lakin eyni zamanda qlobal geosiyasi təlatümlər və müharibə təhlükələri fonunda tərəflər arasında imzalanan bu sazişlər təkcə iki ölkənin müdafiə sənayesinin inkişafına deyil, bütövlükdə Cənubi Qafqazda və Avropa qitəsində təhlükəsizliyin təmin edilməsinə də müsbət təsir edəcək. Ona görə də hərbi sahədə əməkdaşlığımızın genişləndirilməsi hər iki ölkənin və qitənin təhlükəsizliyi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Qlobal təhlükəsizliyə ən böyük zərbə vuran ölkələrdən biri olan Fransanın Hindistanı və İranı da yanına alaraq revanşist Ermənistanı silahlandırması fonunda Azərbaycanın bir sıra Avropa ölkələri ilə (o cümlədən Slovakiya ilə) müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməsi Makronun qızışdırıcı siyasətinə əla cavabdır. Bu, Fransanın təhlükəli addımlarını neytrallaşdırmağa və erməni revanşizmini cilovlamağımıza imkan verəcək. Azərbaycan regionu və Avropanı qarşıdurmalara sürükləyən qüvvələrin planlarını pozmağın yollarını yaxşı bilir".
  Ə.Hüseynov diqqətə çatdırıb ki, Slovakiya baş nazirinin paytaxtımıza səfəri zamanı verilən mühüm mesajlardan biri də bu oldu ki, bu gün həm Azərbaycan, həm də onun ölkəsi qlobal müstəvidə müstəqil siyasət aparan ölkələr kimi tanınırlar: "Azərbaycan və Slovakiya bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar və Avropa İttifaqının üzvü olmasına baxmayaraq, Slovakiya Aİ-nin digər ölkələrin daxili işlərinə qarışmasının əleyhinədir. Robert Fitso həmçinin rəsmi Bratislavanın Bakı ilə Avropa İttifaqı arasında körpü olmağa hazır olduğunu bəyan etdi. O, Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqına təqdim etmək niyyətində olduğunu bildirdi. Bir sözlə, Macarıstanla bərabər, Slovakiyanın da Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi faktı bu gün bir daha təsdiqləndi. Bu isə Aİ üzvü olan digər ölkələrə də nümunə olmalıdır. Aİ üzvü olan ölkələr öz suverenliklərini qorumağı və haqqı müdafiə etməyi bacarmalıdırlar. Slovakiya məhz belə ölkələrdən biridir.
  Bu ölkənin müsbət addımlarından biri də budur ki, Slovakiya azad edilmiş ərazilərimizin bərpasına da ciddi dəstək verir. Yeri gəlmişkən, Ağdamın Qərvənd kəndinin yenidən qurulması da məhz Slovakiya şirkəti tərəfindən icra ediləcək. Slovakiyanın bir sıra digər şirkətləri hazırda Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Ancaq Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra edilməsinə qərar verilməsi isə bizim üçün böyük rəmzi məna və mənəvi əhəmiyyət daşıyır. Bu, özünü sivil ölkə, qurucu ölkə, humanitar fəaliyyətlərə xüsusi önəm verən ölkə kimi təqdim edən bütün ölkələr üçün həqiqətən də, olduqca təqdirəlayiq, nümunəvi addımdır. Slovaklar erməni vandalizminin ağır nəticələrinin birgə aradan qaldırılmasını bütün insanlıq üçün mənəvi borc hesab edirlər. Azərbaycan-Slovakiya həmrəyliyi bütün müharibə “qırğı”larına mesajdır".