“Kreml körpülərin tamamilə yandırılmasını da istəmir, xüsusilə Ukrayna müharibəsinin nəticəsi bəlli olmadığı müddətdə...”
Ermənistan Baş naziri Nikol Paşinyan uzunmüddətli fasilədən sonra Rusiyaya işgüzar səfər edib və Moskvada Avrasiya İqtisadi İttifaqının 10 illik yubiley sammitində iştirak edib. Qeyd edək ki, Paşinyan ötən gün İrəvanla Moskva arasında problemlər olduğunu bildirmiş, Rusiyaya ünvanlanan xoşagəlməz bəyanatlar vermişdi. Paşinyanın Rusiya səfərini şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Paşinyan arasında görüş hər iki tərəfə lazımdır. O, Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakının dayandırılmasının mümkünlüyü haqda suala da cavab verib. Bildirib ki, inteqrasiya iştirakçı ölkələrin sürətli inkişafını təmin edir və inteqrasiyanın davam etdirilməsi onların maraqlarına uyğundur: "Avrasiya İqtisadi İttifaqını inkişaf etdirməyə davam etmək bütün iştirakçı ölkələrin maraqlarına uyğundur. Ümumiyyətlə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya prosesinin özü çox uğurludur, o, iştirakçı ölkələr üçün sürətli inkişafı təmin edir. İştirakçı ölkələr bunu bilir və çox güman ki, bu inteqrasiya prosesinin Aİİ ölkələrinin ÜDM-nin illik artım tempində payı çox nəzərə çarpır". Rusiyalı politoloq Aleksandr Razuvayev deyib ki, Paşinyan sözünün üstündə durmadığını dəfələrlə göstərib və göstərir: "Fikrimcə, bu, Rusiya üçün getdikcə prinsipsizləşir. Moskva İrəvanın bu mövqeyinə, bəlkə də qeyri-ictimai şəkildə reaksiya verəcək". Razuvayevin sözlərinə görə, Ermənistan çoxdan Rusiya üçün “qulpsuz çamadana” çevrilib: “Azərbaycan real, şəffaf, konstruktiv tərəfdaş olduğunu nümayiş etdirdi. Bu gün çoxqütblü dünyanın qurulmasında iştirak etmək istəyir, heç kimin xoşuna gəlməyə çalışmır. Sadəcə olaraq, onlar öz milli maraqlarına əsaslanaraq, tərəfdaşlarla bərabər şərtlərdə münasibətlər qurmağa çalışırlar ki, onların maraqlarına hörmət edilsin. Əliyev müdrik dövlət başçısıdır, ona görə də təsdiqlədi ki, Rusiya ilə Azərbaycanın münasibətləri onun prioritetləri sırasındadır”.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Putinin andiçmə mərasiminə qatılmayan Nikolun Moskvaya səfəri “məcburi” xarakter daşıyır. Onun sözlərinə görə, erməni Baş nazir inauqurasiya mərasimində Putini alqışlamasını Qərbdəki tərəfdaşlarına izah edə bilməzdi:
"Lakin Avrasiya İqtisadi İttifaqının iclası üçün Moskvaya getməsinin izahı var. Ermənistanın iqtisadi mənbələri Rusiya və Aİİ ölkələridir və alternativ tapılmadığı müddətdə bu bazarı itirə bilməz. Putin-Paşinyan görüşünü Rusiya-Ermənistan münasibətlərində həlledici an adlandırmaq olar. Rusiya anlayır ki, Paşinyan hakimiyyəti ilə Moskva-İrəvan münasibətlərinin “qızıl dövrünü” qaytarmaq mümkün olmayacaq. Lakin körpülərin tamamilə yandırılmasını da istəmir, xüsusilə Ukrayna müharibəsinin nəticəsi bəlli olmadığı müddətdə. Bu baxımdan, Putin Paşinyanla görüşdə iki məsələyə xüsusilə diqqət edə bilər. Paşinyandan anti-Rusiya siyasətinin səbəblərini soruşa və münasibətlərdə normallaşma imkanlarının tükənmədiyi üzərində dayana bilər. Ermənistanın xarici siyasət vektorunu – Rusiya ilə eyni çətirin altında qalıb-qalmayacağını anlamağa çalışacaq. İrəvana qarşı bundan sonrakı addımlarını da bu məsələ üzərindən müəyyənləşdirə bilər. Paşinyan anti-Rusiya siyasətindən əl çəkməyəcək, lakin mövcud vəziyyətdə Putini inandırmağa və Qərbdən tam dəstək alana qədər zaman qazanmağa çalışacaq. Hərçənd, inandıra bilməsə, Rusiyanın Ermənistana qarşı ritorik müstəvidəki təhdidlərini praktiki müstəviyə keçirməsi də gözləniləndir".