İran öz ərazisində anti-Azərbaycan toplantılarına son verməlidir

Bakı Tehrana şərt qoymalıdır

“Problemlər həll olunmadan səfirliyimizin fəaliyyətini bərpa etməyə tələsməməliyik”

  Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İranın səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb. Məlumat üçün bildirək ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti məlum terror hadisəsindən sonra hələ bərpa olunmayıb. İran rəsmiləri bununla bağlı Bakıya bir neçə dəfə müraciət etsə də, müsbət cavab verilməyib.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan İranda səfirliyinin fəaliyyətinə tələsməməlidir. Ekspert xatırladıb ki, Azərbaycanın İranda səfirliyinə qarşı həyata keçirilən terror aktından sonra rəsmi Bakı səfirliyinin fəaliyyətini dayandırdı:

"İran tərəfi Azərbaycana səfirliyin yenidən fəaliyyəti üçün dəfələrlə müraciət edib və danışıqlar gedib. Lakin İran Azərbaycanın şərtlərinə əməl etmir. Şərtlərə əməl etməməsi bir tərəfə qalsın, Azərbaycanın suverenliyi və təhlükəsizliyini hədəfə alan siyasətini davam etdirir. Regionda sülhə mane olmaq üçün Ermənistana silah-sursat ötürür, dəstək verir. Azərbaycana qarşı SEPAH tərkibində terror təşkilatı təsis edərək, müxtəlif platformalardan anti-Azərbaycan təbliğatını aparır".
  Analitik hesab edir ki, Azərbaycan İran hakimiyyətinə şərt qoymalıdır: "SEPAH Azərbaycana qarşı informasiya sahəsində terror və təhlükəsizliyi təhdid edən çağırışlarina son verməlidir. İranda fəaliyyət göstərən, Azərbaycana qarşı terror çağırışları edənlərin həbsini tələb etməlidir. İran öz ərazisində anti-Azərbaycan toplantılarına son verməlidir. İran tərəfi geri addım atmır. Növbəti aylarda Azərbaycan və İran prezidentlərinin sərhəddə su bəndinin açılışını etməsi gözlənilir. Bu görüş ikitərəfli əlaqələrin normallaşmasında yeni mərhələ ola bilər. İlk növbədə Tehran yuxarıdakı qeyd etdiyim şərtlərə əməl etsə, normallaşma mümkündür".