Tural Abbaslı: "İrəvanla Bakının mövqeyi hələlik üst-üstə düşmür.." 

"Sülh sazişinin imzalanmasını uzadan da budur"



"Qazaxıstanda, yəni bir türk ölkəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün razılaşdırılmasının özü müsbət haldır". 
Bunu "Sherg.az"a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. 
Partiya rəhbəri bildirib ki, Avropa, ABŞ, Rusiya yox, görüşün məhz Qazaxıstanda keçirilməsinə Ermənistanın da razılıq verməsi önəmli məqamdır: 
"Qazaxıstan türk dünyasında öz çəkisi olan, Türk Dövlətləri Təşkilatının önəmli ölkələrindən biridir. Düzdür, bu məqamlar danışıqlara o qədər təsir etməyəcək Çünki tərəflər öz mövqelərini qoruyub saxlamağa çalışacaq. Həm də Qazaxıstan rəhbərliyi sadəcə görüş məkanı təklif etdiyini, moderatorluq etməyəcəyini açıqlayıb. Ancaq istənilən halda görüş və müzakirələrin növbəti platforma kimi Almatıya daşınması önəmli gedişdir. Əgər sülh üçün müsbət addım atılmazsa, bunun səbəbkarı Ermənistan olacaq. Azərbaycan Prezidentinin konkret mövqeyi var ki, sərhədlərin delimitasiya və demarkasiya prosesinin sülh müzakirələrindən, sülh sazişindən ayırmaq, ayrıca müzakirə etmək lazımdır. Amma ermənilər istəyir ki, delimitasiya və demarkasiyası prosesi də sülh sazişinin içində olsun".

Həmsöhbətimiz vurğulayıb ki, delimitasiya uzun prosesdir və qısa zamanda yekunlaşması imkansızdır:
"Əvvəlcə dəqiq xəritələr müəyyənləşməli, sərhədlərin müəyyənləşməsi onlara əsasən addım-addım getməlidir. Amma təməl məsələlər üzrə sülh sazişi o deməkdir ki, sənədə imza atan tərəflər bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, normal qonşuluq siyasətinə əməl edəcəklərinə söz verirlər, bunlarla bağlı üzərlərinə öhdəlik götürürlər. Bu məsələdə İrəvanla Bakının mövqeyi hələlik üst-üstə düşmür və sülh sazişinin imzalanmasını uzadan da budur. Əgər Ermənistan bu məsələdə geri addım atmazsa, əfsuslar ki, yaxın zamanda sülh müqaviləsinin imzalanması mümkün olmayacaq".