Paşinyan geri çəkiləcək? - ŞƏRH

Baş nazirin müəllimləri, yol göstərənləri kifayət qədər ağıllıdır

Küçə diplomatiyası, rəngli inqilablar dövrü arxada qalıb

  Ermənistanda müxalif çevrələrin Azərbaycanla delimitasiya və sülh prosesinə qarşı etiraz aksiyaları davam etməkdədir. Əhalini İrəvan hökumətinə qarşı etirazlara səsləyən və Baş nazir Nikol Paşinyanın impiçmenti üçün hərəkətə keçən keşiş Baqrat Qalstanyan müstəqil deputat İşxan Zakaryanın onlara qoşulduğunu elan edib. Baqrat deyib ki, Zakaryanla iki dəfə görüşüb və o, Paşinyana qarşı impiçment başlatmaq təklifini rədd etməyib. Onun sözlərinə görə, artıq müxalifət fraksiyalarının “birinci mərhələni keçdiyini” təxmin etmək olar: “İndi qalır iki əsas məsələ: daha 18 deputatın tapılması və baş nazirliyə namizədin müəyyən edilməsi”. Keşiş bir daha baş nazirliyə iddiasını ortaya qoyub və “xalq istəsə”, “katolikosun xeyir-duası ilə” istənilən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb. Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, baş nazirə qarşı impiçmentin başlanması üçün deputatların 1/3-nin səsi lazımdır. Ermənistan parlamentində 107 deputat var və prosesi başlatmaq üçün 36 deputat müraciət etməlidir. Ermənistan parlamentində Nikol Paşinyanın - Mülki Müqavilə Partiyasının 71 deputatı var. Robert Koçaryanın “Ermənistan” bloku 29, Serj Sarkisyanın “Şərəfim var” bloku isə 6 deputat yerinə sahibdir və bu da 35 deputat edir. Ona görə də müxalifət 36 səsə çatmaq üçün müstəqil deputat İ.Zaxaryanı razı salmağa çalışır. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da deyib ki, Nikol Paşinyanın istefasını tələb edən hərəkatın baş nazirliyə namizədi Baqrat Qalstanyan olmalıdır. Oskanyanın sözlərinə görə, Nikol Paşinyana etimadsızlıq prosesinə başlamaq üçün artıq parlamentin siyasi qüvvələri ilə məsləhətləşmələr apardığını elan edən Baqrat Qalstanyan düzgün yoldadır: "Konstitusiya da bu qüvvələrin baş nazirliyə namizədlərini təqdim etmələrini tələb edir. Hazırda hesab edirəm ki, baş nazir postuna namizəd Baqrat Qalstanyan olmalıdır". Oskanyan hər kəsi Baqratın əsgəri olmağa çağırıb. Reallıq odur ki, Ermənistanda xalq müxalifət liderlərinə inanmır və onlara etimad çox aşağı səviyyədədir. Buna görə də erməni müxalifəti keşiş Baqratın arxasında gizlənib, onu qabağa verir və keşişi baş nazir etmək təşəbbüsü göstərirlər.
  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, ermənilərin hər şeyi saxta olduğu kimi dinləri, kilsələri də saxtadır. Professor vurğulayıb ki, Ermənistanda nə qədər cinayətkar, saxtakar, dələduz adamlar varsa, hamısı bir yerə toplaşıb:

"Elə bu cür hadisələr göstərir ki, Ermənistan heç vaxt normal dövlət olmağı bacarmayıb və tarixən teokratik prinsiplərlə idarə olunub. Ona görə də hər zaman erməni kilsəsi dövlət kimi, daha doğrusu, dövlət adından çıxış edib. Hazırda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə təşkil olunmuş etiraz aksiyaları da həmin prosesin tərkib hissəsidir. Erməniləri anti-türk siyasətinə, şovinizmə və müharibələrə sövq edənlər də məhz kilsə və Baqrat kimi keşişlər olub. Erməni kilsəsi revanşist, xəstə psixologiya ilə yaşayan qruplaşmadır. Kanada vətəndaşı olan keşiş Baqratın oradan maliyyə maxinasiyalarına görə qaçdığı deyilir. Belə bir adamın İrəvan hökumətinə qarşı çıxması, Paşinyana impiçment başlatması, birbaşa siyasətə atılması absurddur. Bu, birbaşa dövlət çevrilişinə cəhddir, çünki Ermənistan Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Ona görə də Qalstyan həbs olunmalıdır. Amma Baqrat medalın görünən tərəfidir. Medalın o biri üzündə Koçaryan, onun da arxasında Rusiyadır. Aksiyalarda xüsusi canfəşanlıq edən "Çiçəklənən Ermənstan" Partiyasının sədri Qagik Tsarukyan Moskvanın əlində oyuncaqlardan biridir. Rusiyada müəyyən qüvvələr var ki, rus hərbçilərinin Ermənistanı tərk etməsindən sonra ölkəni qarışdırmaq istəyirlər. Şübhəsiz, erməni lobbisi də aksiyalara dəstək verir, çünki onların maliyyələşməsi münaqişədən, qarşıdurmadan asılıdır. Amma düşünürəm ki, dəfələrlə sınanmış metod bu dəfə alınmayacaq. Müxalifət düşərgəsi Paşinyana güclərinin çatmayacağını, parlamentdə azlıqda olduqlarını yaxşı bilir. Yeganə çıxış yolunu adamları küçələrə tökməkdə görürlər. Amma küçə diplomatiyası, rəngli inqilablar dövrü arxada qalıb. Nikol Paşinyan öz bildiyini edəcək və qətiyyən geri çəkilməyəcək. Paşinyanın müəllimləri, yol göstərənləri kifayət qədər ağıllıdır. SOROS-un cibindən çıxanları ucuz mitinq şouları ilə sıradan çıxarmaq heç də asan deyil. Ağlı başında olan erməni əhalisi də anlayır ki, Paşinyanın addımları Ermənistan dövlətinin taleyini həll edəcək. Ermənistan camaatı dövlətin məhv olmasını istəmirsə, baş nazirin siyasətini dəstəkləməlidir. Paşinyan gedərsə, Azərbaycan qeyri-qanuni Ermənistana verilmiş torpaqlarını geri almaq məcburiyyətində qalacaq".