“Böyük ehtimal ABŞ və Avropa ölkələri İsrailə təzyiqləri artıracaq və hərbi əməliyyatların dayandırılmasını, atəşkəsə gedilməsini daha sərt formada tələb edəcəklər”
"İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumu məsuliyyətsiz addımdır". Bunu Almaniya kansleri Olaf Şolts deyib. Şolts bildirib ki, 1,7 milyon insanın və 1 milyon məcburi köçkünün yaşadığı Rəfaha hücum məsuliyyətsizlikdir: "Buna qarşı xəbərdarlıq edirik". ABŞ-nin demokrat senatoru Kris Kunts da bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdən getdikdən sonra böyük bir təhlükəsizlik uğursuzluğunu və Vaşinqtonla strateji münasibətlərin pozulmasını miras qoya bilər: "Bu vəziyyətdə özümüzü tapmağımız faciədir. Ümid edirəm ki, Baş nazir Netanyahu geridə hansı miras qoyacağı barədə düşünür. Hazırda onun mirası 7 oktyabrda baş vermiş böyük bir strateji və müdafiə uğursuzluğudur. Onun mirası ABŞ və İsrail arasında uzun, güclü, strateji münasibətlərdə də qırılma ola bilər". ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, Vaşinqton hələ də İsrailə dəqiq idarə olunan silahların təhvil verilməsi prosesini dayandırmayıb, lakin bu imkanı araşdırır: “Biz açıq şəkildə bildirdik ki, İsrail Qəzza zolağının cənubundakı Rəfahda hərbi əməliyyata başlasa, biz müəyyən sistemləri tədarük etməyəcəyik. Ancaq hazırda gecikdirdiyimiz yeganə şey yüksək dəqiqliyə malik olan bombalardır. Çünki biz İsraillə məsləhətləşmələri davam etdiririk. Bu silahların sıx məskunlaşan ərazilərdə, o cümlədən Rəfahda istifadə oluna biləcəyini nəzərə alırıq”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzadakı hərəkətləri ilə Adolf Hitleri qısqandıracaq: "İsrailin aylardır müxtəlif bəhanələrlə xəstəxanaları bombalamasını, uşaqları öldürməsini, dinc insanlara zülm etməsini, günahsız insanları aclıq, susuzluq və dərmansızlığa məhkum etməsini qanuni saymaq olarmı? Hitler keçmişdə həbs düşərgələrində insanları öldürürdü. Qəzza təkcə oktyabrın 7-dən sonra deyil, illər öncə də açıq hava həbsxanasına çevrildi. Oktyabrın 7-dən sonra Qəzzada törədilən ən amansız və sistemli kütləvi qətllərə kim cavabdehdir? Netanyahu soyqırım üsulları ilə Hitlerə qısqanclıq gətirəcək səviyyəyə çatıb".
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, İsrailin Rəfah əməliyatı Vaşinqton-Təl-Əviv əlaqələrinə ciddi zərbə vuracaq. Analitik vurğulayıb ki, İsrail HƏMAS-la danışıqlara gedərək, qruplaşmanı neytrallaşdıra bilər:
"Amma görünən odur ki, İsrailin Baş naziri Benyamin Netanyahu daha sərt addımların atılmasında maraqlıdır. İsrailin hərbi əməliyyatları davam etdirməsi kütləvi insan tələfatına, humanitar fəlakətə yol açacaq. Həmçinin Fələstin dövlətinin digər Qərb dövlətləri tərəfindən tanınmasına səbəb olacaq. İsrail də bu addımı atmaqla Fələstinin tanınma prosesini sürətləndirəcək. Artıq HƏMAS-a böyük zərbə vurulub. Qəzza şəhəri demək olar ki, yer üzündən silinib. Rəfahda da mülki əhali məskunlaşıb. Onlara qarşı hərbi əməliyyatların aparılması mülki şəxslərin kütləvi ölümünə, soyqırıma gətirib çıxaracaq. Böyük ehtimal ABŞ və Avropa ölkələri İsrailə təzyiqləri artıracaq və hərbi əməliyyatların dayandırılmasını, atəşkəsə gedilməsini daha sərt formada tələb edəcəklər".