Aydın Sezer: Ermənistanla əlaqələrin yaxşılaşdırılması Türkiyənin əlini gücləndirəcək

Ermənistan və Türkiyə bəzi məsələlərdə qarşılıqlı anlaşma əldə edə bilib.
Bunu Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan deyib.
O bildirib ki, İrəvan onların həyata keçiriləcəyinə ümid edir:
“Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində bir neçə qarşılıqlı anlaşmamız var. Onların necə həyata keçirildiyini görmək vaxtı çatıb”.

Mirzoyanın fikirlərinə münasibət bildirən türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a vurğulayıb ki, Türkiyə bir neçə ildir Ermənistanla müzakirələrə başlayıb:
 
“Xüsusilə də ermənilərin Qarabağdan çıxmasından sonra iki ölkə arasında diplomatik münasibətlərə mane olan problem yoxdur. Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətləri inkişaf etdirmək üçün Rusiyaya vasitəçi rolunu təklifi etmişdi. Türkiyə və Ermənistan rəsmi Moskvanın vasitəsilə bir araya gəlib xüsusi nümayəndə təyin etdilər. Hazırda Ermənistanla Türkiyə əlaqələrinin gərgin olduğu hər kəsə bəllidir. Türk və erməni rəsmiləri qarşılıqlı görüşlər yoluyla münasibətləri təmzimləyirlər. Eyni zamanda, Türkiyə gündəmində də iki ölkə arasında münasibətlərin normallaşması üçün zamanın gəldiyi fikirləri mövcuddur. Amma AKP və Rəcəb Tayyib Ərdoğanın bu addımları asanlıqla atacağını gözləmirəm. Çünki MHP rəhbəri Devlet Bahçelinin Ermənistan və Türkiyə arasında əlaqələrin yaxşılaşdırılması yanaşması bəlli deyil. Ərdoğan sözügedən mövzunu əvvəlcə Bahçeli ilə danışmalıdır. Türkiyə və Ermənistan münasibətlərinin yaxşılaşmasından Cənubi Qafqazda ən çox Azərbaycan üçün faydalıdır. Çünki Ermənistanla əlaqələrin yaxşılaşdırılması Zəngəzur dəhlizi və digər yolların açılması məsələsində Türkiyənin əlini daha da gücləndirəcək. Eyni zamanda, Ermənistanın Qərb və Fransa ilə girdiyi əlaqələri Türkiyə balanslayacaq”.