Paşinyanın hərbçilərlə görüşü: Məqsədi ordunu aksiyalara qoşulmaqdan çəkindirməkdir -ŞƏRH

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasından sonra güc strukturlarının rəhbərləri ilə qapalı görüş keçirir. 
Bu barədə erməni KİV hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.
Görüşdə yüksək rütbəli hərbçilərin, xüsusən generalların iştirak etdiyi qeyd edilib.
KİV görüşün həm də Azərbaycanla əlaqəli olduğunu bildirib, lakin əsas versiya budur ki, baş nazir generallarla ölkədə keçirilən etiraz aksiyalarını müzakirə edəcək.
Digər versiyaya görə, Paşinyan Azərbaycanla sərhədin demarkasiyası məsələsini də gündəmə gətirəcək.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Nikol Paşinyanın yüksək rütbəli hərbiçilərlə görüş keçirməsi ilk dəfə deyil: 

“O, bundan əvvəl də dəfələrlə hərbçilər və generallarla görüş keçirib. Görüş zamanı müzakirə olunacaq məsələ Azərbaycanla delimitasiya prosesi və Ermənistandakı aksiyalarla bağlı ola bilər. Çünki Ermənistan ordusu hələki aksiyalarla bağlı öz mövqeyini açıqlamayıb. Ermənistan ordusunun aksiyaçılara dəstək verməsi Paşinyan üçün ciddi problem yaradar. Ona görə də Paşinyan indidən bunun qarşısını almağa çalışır. Eyni zamanda, aksiyaya rəhbərlik edən Baqrat Qalstanyan da Robert Köçəryanın vasitəsilə ordunu öz tərəfinə çəkmək istəyir. Ordu vasitəsilə Ermənistanda çevrilişin baş verməsi mümkündür. Yəni Paşinyanın hərbçilərlə görüşünün məqsədi ordunu aksiyalara qoşulmaqdan çəkindirməkdir. İnsanlar isə aksiyalara qoşulmur. Hüquqi cəhətdən də Paşinyan hökümətinin devrilməsi imkansızdır. Çünki parlamentdə impiçmentə müraciət üçün depuata sayı çatmır. Digər tərəfdən görüş zamanı Azərbaycanla delimitasiya məsələsi də masaya yatırıla bilər. Hazırda iki ölkə arasında delimitasiya ilə bağlı ciddi problem yoxdur”.