Ermənistan Azərbaycan qoşunlarının Göyçə mahalından çıxarılması üçün başqa vasitələrə əl atacaq.
Bu barədə Göyçənin qubernatoru Karen Sərkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
K.Sərkisyan bildirib ki, Azərbaycan qoşunlarını Göyçə bölgəsinin ərazilərindən geri çəkməlidir.
Jurnalistlər “bəs geri çəkilməsələr, hansı addım atılacaq” sualına K.Sərkisyan belə cavab verib:
“Onları geri çəkilməyə məcbur etmək üçün başqa vasitələrdən istifadə olunacaq. Müxtəlif amillərdən istifadə oluna bilər, güc variantı da bura daxildir, amma güc son vasitədir”.
Qeyd edək ki, söhbət 2022-ci ilin sentyabrında Ermənistanın təxribatından sonra sərhəddə baş verən toqquşmadan gedir. O vaxt Azərbaycan Ordusu Ermənistanla şərti sərhəddə irəliləyərək, strateji mövqelərə yerləşib. Bu ərazilər əsasən işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz şəkildə irəli çəkməsi nəticəsində “Ermənistan ərazisinə” çevrilib. Ordumuz bunu bərpa etdi. Ermənistan tərəfi isə iddia edir ki, Azərbaycan qoşunları onların “ərazisindədir”, lakin bu iddialarını isbat edə bilməyiblər. İrəvanda ümid edirlər ki, sərhədin demarkasiyası prosesində Azərbaycan qoşunları əvvəlki mövqelərinə çəkiləcək, lakin rəsmi Bakı bunun olmayacağını qəti şəkildə bəyan edib.
Qubernator K.Sərkisyanın açıqlaması isə göstərir ki, Ermənistan hücuma keçmək və ordumuzu geri çəkilməyə məcbur etmək ssenarisini hazırlayır. Sarkisyanın sözləri bunun rəsmi etirafıdır.
Sarkisyanın fikirlərinə münasibət bildirən politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Göyçənin qubernatoru bu suallara cavab verərkən həddini aşıb:
“Çünki bu mövzular onun səlahiyyətlərinə aid olan məsələlər deyil. O, sadəcə olaraq bir bölgənin rəhbəridir və ərazi məsələləri bilavasitə onun səlahiyyət çərçivəsinə aid məsələ deyil. Bu yöndə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə məşğul olan bir komissiya var. Qərar verəcək tərəflər də məhz dövlətin yaratdığı bu komissiya və komissiyaya rəhbərliyindən olan insanlardır. Ona görə də Sarkisyanın fikrini o qədər də ciddi qəbul etmək lazım deyil. Sadəcə, jurnalistlər sual verib, o da müəyyən bir poza yaradaraq guya özündən nəsə asılıymış kimi bu cür cavablar verib. Bir şeyi anlamaq lazımdır ki, ərazilərin sərhədlərin müəyyənləşməsi prosesi konkret hansı prinsip əsasında, hansı xəritələr əsasında olacağı tam razılaşdırılmayıb. Məsələn, Qazaxın dörd kəndi 1976-cı il xəritələri əsasında təmin olundu. Ancaq bu o demək deyil ki, 1976-cı il xəritəsi bütün sərhədlər boyu tətbiq olunacaq. Azərbaycan bununla razı deyil və doğru mövqedədir”.
Ekspert qeyd edib ki, Göyçədə Azərbaycanın strateji yüksəkliklərdə yerləşməsi və əsgərinin olduğu ərazilərin kimə məxsusluğunu Ermənistan hüquqi sənədlər çərçivəsində dəlillərlə sübut etməlidir:
“Ondan sonra Azərbaycan qoşunlarının geri çəkilməsini tələb iddiası ortaya qoya bilərlər. Azərbaycanın bu yüksəkliklərdə mövqe tutması hələ demək deyil ki, Azərbaycan əsgəri Ermənistan ərazisində mövqe tutub. Məhz bunun nəticəsidir ki, Azərbaycan sülh sənədinə Alma-Ata bəyannaməsi çərçivəsində sərhədlərin müəyyənləşməsi ilə bağlı ifadənin düşməsini istəmir. Çünki bu 1991-ci il sərhədlərini özündə ehtiva edir ki, bu da SSRİ dönəmində dırnaqarası müttəfiq respubilikaların inzibati sərhədləri idi. Əgər Alma-Ata bəyannaməsini sülh sənədində qeyd edərsinizsə, bu o deməkdir ki, avtomatik olaraq inzibati sərhədlər iki dövlət arasında sərhədlərə çevrilir. Bu da beynəlxalq status qazanır və beynəlxalq sərhədlərə çevrilir. Ona görə də belə bir sərhəd anlayışı mövcud deyilkən, geri zəkalı Sarkisyan hardan bilir ki, Göyçə mahalındakı Azərbaycan əsgərinin tutduğu mövqe Ermənistana məxsusdur?”.
Analitik vurğulayıb ki, Tavuş, Qazax bölgəsində də onlar başlarından böyük iddialar ortaya qoymuşdular:
“Sonra 1976-cı il xəritələrində ortaya çıxan reallıqlar tamamilə başqa mənzərəni ortaya qoydu. Ona görə də Sarkisyanın belə sözü ilə müharibə olası deyil. Çünki savaş indiki vəziyyətdə Ermənistanı çox çətin bir vəziyyətə salardı. Ermənistan daha çox sülh danışıqları vasitəsilə danışaraq problemləri həll etmək istəyir. Sarkisyan açıqlamasında ola bilsin ki, erməni havadarları olan Qərb dünyasının nəzərdə tutur. Guya həm beynəlxalq təşkilatlar, həm də qlobal güclər vasitəsilə Azərbaycana təzyiq oluna və Azərbaycan qoşunlarını çıxara bilər. İndiyə qədər guya Azərbaycana təzyiq olunmurdu? Amma bu təzyiqlər fonunda Azərbaycan geri çəkilməyibsə, demək ki, bunun üçün əsas var. Çünki sərhəd müəyyən olunmayıb. Müəyyən olunmayan hansı sərhəddin kimə məxsusluğunu öncədən müəyyən etmək olar? Yəni belə bir qeyri müəyyənlik varkən və hələ də bu məsələ ilə bağlı danışıqlar gedərkən bu cür açıqlamalar sülhə töhfə vermir”.