Analitik: Azərbaycanın qardaş Qırğızıstanla münasibətlərə önəm verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul edib.
Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında İnvestisiya Fondunun yaradıldığı və onun büdcəsinin hazırda daha da artırıldığı qeyd edildi.
Görüşdə Qırğızıstan Prezidentinin Azərbaycana səfəri və səfər çərçivəsində aparılmış müzakirələrin və imzalanmış sənədlərin əhəmiyyəti vurğulandı. Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Qırğızıstan tərəfindən məktəbin inşasının həyata keçirilməsi ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsi kimi qiymətləndirildi.
Nurlanbek Şakiyev Azərbaycanın işğaldan azad olunmuş rayonlarına, xüsusən də Şuşa şəhərinə səfər etdiyini və həmin ərazilərin dünyanın ən gözəl guşələrindən biri olduğunu dedi. O, Azərbaycan xalqının səbirlə otuz ilə yaxın bir müddətdə torpaqlarımızın işğaldan azad edildiyi günü gözləməsinin və buna nail olmasının önəmini vurğuladı. Qonaq torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin inkişafında Prezident İlham Əliyevin liderliyinin yüksək qiymətləndirildiyini qeyd etdi.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının inkişafı, beynəlxalq təşkilatlarda və təsisatlarda Azərbaycan-Qırğızıstan əməkdaşlığının və ölkələrimizin parlamentləri arasında əlaqələrin vacibliyi vurğulandı.

Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Qırğızıstan arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir:
"Qırğızıstanın Azərbaycandakı hazırkı səfiri Kayrat Osman Əliyev ölkəmizdə xarici ölkə səfirləri arasında ən fəal səfərlərindən biridir. Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevin prezident İlham Əliyev tərəfindən qəbul edilməsi sıradan bir hadisə deyil. Bu Azərbaycanın qardaş Qırğızıstanla münasibətlərə önəm verdiyini göstərir. Qeyd edək ki, qardaş Qırğızıstan işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərinə töhvə verəcək".

Ekspert əlavə edib ki, Azərbaycanın Orta Asiya dövlətləri ilə münasibətləri yüksək səviyyədədir:
"Türk Dövlətləri Təşkilatının inkişafı, beynəlxalq təşkilatlarda və təsisatlarda Azərbaycan-Qırğızıstan əməkdaşlığı əhəmiyyətlidir".