Qurtuluş Günü bir tarixdir

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri də layiqli varis, qətiyyətli lider yetişdirməsidir


  Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri 15 İyun - Milli Qurtuluş Günüdür. Həmin tarixi gündən bizi 31 illik zaman ayırır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətdə belə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev deyirdi ki, onun həyatı, fəaliyyəti yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaq. Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratdı. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Eyni zamanda zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Təfərrüata varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünün qarşısını almaq mümkün oldu. Xalqımız artıq neçə ildir ki, bu bayramı yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. 

  Millət vəkili Cavid Osmanov "Sherg.az"a açıqlamasında deyib ki, 1990-cı illərin əvvəllərində cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Deputatın sözlərinə görə, əslində, bu, bütün xalqın ürəyinin səsi idi: 
"Xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. O, Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu. Böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Ulu Öndər Heydər Əliyev Azərbaycanı dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas etdi və ölkədə inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluşu deməkdir. Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayır, “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz” deyirdi. Həyatını, fəaliyyətini yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin ağır vəziyyətdən çıxarılmasına həsr edən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu".
 
 Parlament üzvü vurğulayıb ki, Ulu Öndər  Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi:
 "Ölkədə asayiş və qayda-qanun bərqərar edildi. Soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, nizami ordu yaradıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlarda öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Ulu Öndərin  qurtuluş missiyası üç mühüm amilə söykənirdi. Bunlar xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi idi. Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib".
  C.Osmanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir: "Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək".