Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəs üçün şərtini açıqladı. Putin qeyd etdi ki, Ukrayna qoşunlarını Donbas, Xerson və Zaparojedən çəkdikdən sonra danışıqlara hazırdır və atəşkəsə gedə bilər.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Qərbin Ukraynaya hərbi yardımlarının intensiv həyata keçirildiyi və Rusiya qoşunlarının Xarkov istiqamətində hücumunun durdurulması fonunda Putinin atəşkəs şərti açıqlaması Moskvanın danışıqlara hazır olduğunun mesajıdır:
"Sadəcə irəli sürülən şərtlər danışıqların üstündən xətt çəkir. Amma Rusiya prezidenti danışıqlarda güzəştə gedə bilər. Bu güzəşt heç də Rusiya qoşunlarının Ukraynadan tam çıxarılmasına əsaslanmayacaq. Ona görə də Putin çalışır ki, ABŞ ilə bazarlığa getsin. Putin bu açıqlama ilə demək istəyir ki, danışmağa hazırdır.
Rusiyanın şərtləri ilə Qərb masa arxasına əyləşməyəcək. ABŞ öz şərtlərini masaya qoyub, Rusiyanın masaya oturmasını gözləyəcək. Həmin vaxta kimi Ukraynada müharibə davam edəcək".