"Ermənistan ordusunun şərti sərhədlər törətdiyi təxribatlar Azərbaycan-Ermənistan normallaşma prosesinə, sülhə qarşı yönəlib".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Əlisahib Hüseynov deyib.
Ekspert bildirib ki, iki ölkə son həftələrdə addım-addım sülhə doğru yaxınlaşdıqca, erməni apostol kilsəsinə və müharibə canisi, sabiq prezident Robert Koçaryana bağlı revanşist qüvvələr də getdikcə daha da fəallaşır, azğınlaşırlar:
"İrəvanın mərkəzində, Parlament binasının önündə Köçəryandan və 2-ci Qaregindən təlimat alan keşiş Baqrat Qalstanyanın tərəfdarlarının hökumət qüvvələrinə qarşı zorakılıqlara yol verməsi də atəşkəsin pozulması ilə əlaqəlidir. Ermənistanın baş naziri Nikol Paşinyan da ötən gün etirazçılara məhz II Qareginlə Köçəryanın rəhbərlik etdiyini söylədi. Bu baxımdan, İrəvanın mərkəzində keşiş Baqrat Qalstanyanın adamlarının zorakılığa yol verməsi də, Naxçıvan istiqamətində atəşkəsin pozulması da sözsüz ki, bir-birilə zəncirvari bağlıdır. Bu təxribatların arxasında dayanan qüvvələrin əsas hədəfi ilk növbədə ötən gün parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanmasının mümkünlüyünü bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın mövqelərini zəiflətmək, danışıqlar prosesini pozmaq, sülhün imzalanmasına hər vəchlə mane olmaqdır".
Analitik vurğulayıb ki, bu mənada atəşkəsin pozulması öncədən planlaşdırılmış açıq-aşkar təxribatdır:
"Təxribatı törədən revanşist qüvvələrin bir digər məqsədi isə Azərbaycan tərəfini sərt cvab tədbirləri görməyə təhrik etməkdir. Bu da öz növbəsində yenidən hərbi eskalasiyaya, geniş miqyaslı silahlı toqquşmalara gətirib çıxara bilər. Nəticədə isə sülh danışıqları yenidən tormozlana və arxa plana keçə bilər. Revanşistlərin atəşkəsi pozması da yəqin ki, elə buna hesablanıb. Lakin bu kimi məkrli təxribatlarla sülh prosesinin qarşısını almaq mümkün deyil. Əslində bu təxribatlar Ermənistan hakimiyyətinə imkan verir ki, sülh prosesinə mane olmaq istəyən pozucu, revanşist qüvvələrə qarşı daha sərt tədbirlər görsün. Paşinyan təxribatçıları neytrallaşdırmaqla sülh prosesinə aparan yolu sonuncu maneələrdən də təmizləmiş olar".