"Ermənistan baş naziri Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı başlatdığı hücumun arxasında Qərb dayanır".
Bunu "Sherg.az"a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
Ekspert bildirib ki, Rusiyanı ayaqda saxlayan əsas dövlətlərdən biri Belarusdur:
"Rusiya və Belarus vahid ittifaq yaradıblar və ora yeni üzvlər qəbul etməyə hazırlaşırlar. Hələlik, rəsmi birləşən yoxdur, amma qeyri-rəsmi birləşmək istəyən dövlətlər var. Ermənistan bir növ Paşinyanın dili ilə Qərb ölkələrinə mesaj verir. KTMT-nin yiyəsi Rusiyadır və bütün sərmayəni Moskva qoyur. Belə bir məsəl var, "Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur". Ermənistan KTMT-dən çıxsa nə olacaq, çıxmasa nə olacaq? İrəvan körpüləri yandırıb, Rusiya ilə münasibətləri düzəltmə ehtimalı sıfıra yaxınlaşıb. Bu gərginlik Ermənistanda müəyyən qüvvələri, o cümlədən kənar oyunçuları ciddi narahat edir. Ermənistanın ikinci Ukraynaya çevriləcəyindən ehtiyatlanırlar. Ona görə də Paşinyanın diliylə Belarusa hücum edirlər. Amma o da var ki, Paşinyan ciddi siyasətçi kimi qəbul olunmur. Adamın səhər dediyi ilə axşam söylədiyi üst-üstə düşmür. Eyni gündə dörd cür açıqlama verir. Yəqin ki, Belarus da Paşinyanı ciddiyə almır".