“Əks halda Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq. Bu da ən çox Ermənistanın özünə ziyandır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Görüş zamanı dövlət başçıları Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini vurğulayıblar. Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər. Həmçinin Türkiyə və Ermənistanın yüksəksəviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla vurğuluayıblar. Eyni zamanda regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təklifə hələ cavab vermədiyini deyib. Mirzoyan vurğulayıb ki, İrəvan Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar prosesini sona qədər aparmağı və sülh müqaviləsinin bir ay ərzində imzalanmasını vacib hesab edir. Ermənistan Baş naziri Nikol Paşinyan da bəyan edib ki, delimitasiyanın növbəti mərhələsinin Zəngəzurdan (Sünik) başlaması mümkündür, lakin bu, istənilən başqa ərazidə baş verə bilər: "Hazırda qanun layihəsi üzərində işləyirik. Əvvəlcədən razılaşdırılmaqla, onun təsdiqindən sonra qərar veriləcək. Dünəndən Zəngəzur rayonundayam, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, real Ermənistanın gündəmi və sülh gündəmi xalqımıza aydındır. Bu çox vacibdir. Bu o deməkdir ki, biz nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik. Bu kontekstdə delimitasiya və digər məsələlər operativ məsələlərə çevrilir. Hökumət təbii ki, nə baş verdiyini, nə üçün baş verdiyini, məqsədin, risklərin nədən ibarət olduğunu və risklərin idarə edilməsi üsullarımızı ictimaiyyətə geniş şəkildə çatdırmağa davam etməlidir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik".
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazisində suverenliyini bərpa etdikdən sonra Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açılıb. Analitikin sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üçün intensiv danışıqlar davam etdirilir:
"İki ölkənin sərhədlərinin delimitasiyası sahəsində addımlar atılmaqdadır. Türkiyə dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin müsbət məcrada inkişafı Azərbaycan-Ermənistan münasibətlərindəki inkişafla ehtiva edilir. Son telefon danışığı zamanı münasibətlərin normallaşdırılması, ehtimal olunan sülh sazişinin imzalanması istiqamətində müəyyən danışıqlar aparılıb. Hətta yaxın günlərdə Ərdoğanın Prezident İlham Əliyev və Putinlə də telefon danışığı ola bilər. Bu danışıqlarda Cənubi Qafqaz məsələsi mütləq müzakirə olunacaq. COP29-a qədər nəzəri baxımdan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması gözlənilir. Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırması həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi ilə bərabər inkişaf edir".
Ekspert vurğulayıb ki, bu iki prosesi bir-birindən ayrı hesab etmək olmaz: "Ankaranın mövqeyi belədir ki, İrəvan Bakının şərtlərini qəbul etməli və normal münasibətlər qurmalıdır. Əks halda Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq. Bu da ən çox Ermənistanın özünə ziyandır. Dolayısı ilə Ankara İrəvana həm iqtisadi baxımdan lazımdır, həm də onun üçün təhlükəsizlik çətiridir. Buna görə də Azərbaycanla münasibətləri normallaşdırmalıdır".