Türk Dövlətləri Təşkilatı bu istiqamətdə əməkdaşlığı gücləndirməlidir
Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri Kayrat Osmonəliyev NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasını təklif edib. K.Osmonəliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır: "Başqa sözlə, əgər onu Türk Dövlətləri Təşkilatını Aİ ilə yanaşı, mövcud dünya analoqları ilə müqayisə etsək, gələcəkdə müdafiə ittifaqı kimi "Türk NATO-su” və ya “Türk KTMT-si”nin yaradılması haqqında düşünməliyik". Bəzi ekspertlər bu təklifi təqdirəlayiq saysalar da, hələlik reallaşmasının çətin olduğunu düşünənlər də var. Onların fikrincə, eyni dövlətlərin iki hərbi blokda təmsil olunması mümkün görünmür. Məsələn, Qazaxıstan və ya Qırğızıstanın həm “Rusiya KTMT-sində”, həm də “Türk KTMT-sində” təmsilçiliyi mümkün deyil. Türkiyə NATO-dan, Qazaxıstan və Qırğızıstan isə KTMT-dən çıxmalıdırlar. Buna baxmayaraq, türk dövlətləri arasında hərbi əməkdaşlığın zəruri olması barədə təklifin səsləndirilməsini və bu ətrafda müzakirələrin aparılmasını müsbət qiymətləndirmək olar. Analitiklərə görə, hərbi əməkdaşlığı elə Türk Dövlətləri Təşkilatı çərçivəsində də başlamaq və inkişaf etdirmək mümkündür.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Türk Dövlətləri Təşkilatının hərbi təhlükəsizlik sahəsində əməkdaşlığı ilə bağlı uzun müddətdir müzakirələr gedir. Onun sözlərinə görə, “Türk Dünyası - 2040” vizyon sənədində də hərbi təhlükəsizlik sahəsinə ayrıca maddə ayrılıb:
"Bu sahədə əməkdaşlığın dərinləşməsinin zərurəti də vurğulanıb. Biz hazırda elə bir çağda yaşayırıq ki, müharibələr, geosiyasi çəkişmələr, risklər getdikcə artır. Hətta ayrı-ayrı dövlət başçılarından, hökumət adamlarından üçüncü dünya müharibəsinin başlanması ilə bağlı narahatlıqlar ifadə edilməkdədir. Təhlükəsizlik məsələsi çox önəmlidir. Türk Dövlətləri Təşkilatının hədəfi yeni çoxqütblü dünyanın güc mərkəzlərindən biri olmaqdırsa, mütləq bu istiqamətdə əməkdaşlıq dərinləşdirilməlidir. Digər yandan dövrümüz çox ciddi katakilizmlər, nizamsızlıq çağıdır. İnsanlar iqlim böhranının yaradacağı nəticələrlə, ərzaq qıtlığı, ərzaq zəncirində pozulmalar, pandemiyalar, meşə yanğınları, sel fəlakətləri, quraqlıqlar, məcburi köçlər və s. gözlənilməz risklərlə qarşı-qarşıyadır. Fövqəladə vəziyyətlər hər zaman gündəmdə olmalıdır. Bunlar bizi vadar edir ki, Türk Dövlətləri Təşkilatının üzvləri olaraq, Avrasiyanın, İpək Yolunun üzərində, çox önəmli və strateji regionda yerləşən dövlətlər olaraq hərbi təhlükəsizlik sahəsindəki əməkdaşlığı dərinləşdirək. Həmçinin müstəmləkəçilik kimi tendensiyalar çox güclüdür. Bu coğrafiyada qlobal güc olmaq iddiasında olan Rusiya, Çin kimi ölkələr var. Qərbin bölgə ilə bağlı hədəfləri var. O baxımdan türk dövlətlərinin hərbi təhlükəsizlik sahəsində əməkdaşlığı olduqca vacibdir. Cənab Kayrat Osmonəliyevin təklifi yerindədir və artıq bunun zamanı yetişib. Uzun zamandır akademik çevrələrdə, ekspertlər dairəsində bu məsələ müzakirə olunur. Dövlət başçısı İlham Əliyev də ADA-da keçirilmiş konfrans zamanı bildirdi ki, bu məsələni ölkə rəhbərləri ilə təmaslarda gündəmə gətirib".
T.Nüsrətoğlu vurğulayıb ki, "fövqəladə hadisələrə müdaxilə gücü", "barışı qoruma gücü", "İpək Yolunda sabitliyi mühafizə etmə gücü" kimi müxtəlif adlar altında türklərin müştərək ordusu formalaşdırıla bilər: "Çətinliklərdən biri odur ki, Qazaxıstan və Qırğızıstan kimi ölkələr KTMT üzvləridir. Amma bu təşkilat artıq ciddi böhran yaşamaqdadır. Rusiyanın dominantlığında qurulmuş bir təşkilatdır və türk dövlətlərinin milli maraqlarına xidmət etmir. O mənada türk dövlətlərinin milli maraqlarına xidmət edən birliyin yaranması zəruridir. Türkiyə NATO-nun üzvü olduğu üçün bu, ikili münasibətlər sistemi çərçivəsində formalaşdırıla bilər. Müdafiə sənayesi, təhlükəsizlik sahəsində türk dövlətləri arasında anlaşmalar onsuz da var. Türkiyə ilə Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında ikili razılaşmalar mövcuddur. Düşünürəm ki, bunu ikitərəfli və çoxtərəfli anlaşmalarla mövcud şəraitə uyğun reallaşdırmaq mümkündür. Ümid edirəm, yaxın zamanlarda daha ciddi şəkildə müzakirə olunaraq müvafiq qərarlar qəbul olunacaq. Qarabağ Zəfərindən sonra Azərbaycan və Türkiyənin nüvəsini təşkil etdiyi dərinləşən birlik modeli bütün türk dövlətləri üçün ilham qaynağıdır".