Kritik dönəmin Ərdoğan-Putin görüşü - ŞƏRH

Putin müharibənin gedişində Türkiyə kimi bir dövləti ziyarət etməkdən ehtiyat edir

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır. "Habertürk"ün xəbərinə görə, görüşün gündəliyində Ukraynadakı münaqişə, taxıl tədarükü kontekstində Qara dəniz mövzusu, Akkuyu AES-də işlərin gedişi, qaz ticarəti mərkəzinin yaradılması perspektivləri, Suriyanın şimalında kürd bölgələrindəki qondarma seçkilər kimi məsələlər daxil olacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da iki liderin Astanada görüşə biləcəyi barədə məlumat vermişdi. Kreml rəhbərinin Türkiyəyə səfəri ilə bağlı müəyyən proqnozlar olsa da, hələlik səfər reallaşmayıb. Hətta bunun indiki dövrdə mümkünsüz olduğu da iddia edilir. Buna baxmayaraq, liderlər müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir araya gəlirlər. Rusiya və Türkiyə liderlərinin təması dünyanın diqqət mərkəzində olur. Xüsusən, indiki kritik dönəmdə Ərdoğan-Putin görüşündən hasil olacaq nəticələrə ümid edilir.
  Gözlənilən Ərdoğan-Putin görüşünü "Sherg.az"a dəyərləndirən Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib ki, iyul ayı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün çox aktiv ay olacaq. Professorun sözlərinə görə, Ərdoğanın dörd mühüm ziyarəti həyata keçiriləcək: 

"Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüş, Azərbaycanda qeyri-rəsmi türk dövlət başçılarının görüşü, NATO zirvəsi və Kuzey Kıbrıs Cümhuriyyətinə səfər planlaşdırılır. Şanxay Əməkdaşlıq Təşkilatında Türkiyənin fəaliyyəti vacibdir, çünki orada enerji və digər məsələlər müzakirə olunacaq. Türkiyə bu məsələlərdə aktiv rol oynayır. Ərdoğanın Rusiya dövlət başçısı ilə görüşü də nəzərdə tutulur. Əslində, bu görüşdən öncə Vladimir Putinin Türkiyəyə səfəri gözlənilirdi. Lakin Rusiya lideri öncə seçkiləri bəhanə etdi, ardınca səfər qeyri-müəyyən vaxta təxirə salındı. Gecikmə səbəbi Kreml rəhbərinin həssas davranışından irəli gələ bilər, yəni Putin müharibənin gedişində Türkiyə kimi bir dövləti ziyarət etməkdən ehtiyat edir. Onsuz da iki ölkə arasında münasibətlər birmənalı deyil. Son zamanlar əməkdaşlıq artıb. Türkiyə açıq şəkildə sanksiyalara qarşıdır. Çünki dolayı yolla ABŞ-nin banklara gətirdiyi sanksiyalar və digər məhdudiyyətlər Türkiyəni də vurur. Türkiyə sanksiyalardan zərər görməmək üçün məcburən müəyyən addımlar atır ki, bu da Rusiyanın xoşuna gəlmir. Buna rəğmən, iki ölkə arasında, xüsusilə enerji sahəsində əməkdaşlıq müsbət yöndədir. Rusiyalı mütəxəssislərin Türkiyədə inşa etdiyi “Akkuyu” atom elektrik stansiyası 2023-cü ildə istifadəyə verilməli idi, təəssüf ki, hələ təhvil verilməyib. Bu məsələlər çox güman ki, liderlərin görüşündə müzakirə olunacaq”.
  Politoloq vurğulayıb ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində vasitəçi olmağa çalışıb və tərəfləri sülhə səsləyib: “Mövqelər, yanaşmalar fərqli olsa da, önəmli olan məsələlərdən biri Türkiyənin nail olduğu "taxıl dəhlizi" idi. Bu məsələnin yenidən gündəmə gələcəyi şübhəsizdir. Ancaq Rusiyanın indiki mövqeyini nəzərə alsaq, bunun reallaşacağına inanmıram. Türkiyə və Rusiya arasında ən böyük problemlərdən biri Suriyanın şimalındakı qondarma qurumdur. Suriyanın şimalına terrorçuları köçürüb "kürd bölgəsi" yaratmağa çalışırlar. Rusiya və Türkiyə arasında Soçidə imzalanan iki anlaşma var. Təəssüflər olsun ki, Rusiya bu anlaşmalarda da üzərinə aldığı öhdəlikləri yerinə yetirmir. Bu da Türkiyənin tənqidinə səbəb olur".
  Toğrul İsmayıl əlavə edib ki, ABŞ, Avropa İttifaqı ölkələri PKK-nı terror təşkilatı kimi tanısalar da, hələlik Rusiya belə bir addım atmayıb: “İkili münasibətlərin xarakterinə gəlincə, Rusiya bunu açıq şəkildə deyir ki, Türkiyə ilə olan münasibətlər ticari münasibətlərdir. Çox çalışmalar oldu ki, bu münasibətlər strateji bir səviyyəyə qalxsın. Lakin Rusiyanın apardığı xarici siyasət Türkiyənin mövqeyinə tamamən tərs gəlir. Xüsusilə, Ukrayna müharibəsi hər iki tərəfi aktiv şəkildə fərqli yönlərə çəkib. Buna baxmayaraq, Türkiyə maksimum dərəcədə Rusiya ilə münasibətlərin normal səviyyədə hərəkət etməsi üçün çalışır. Bu da önəmli məsələlərdən biridir. Əfsuslar olsun ki, Rusiya Qara dəniz bölgəsində, Ukrayna məsələsində təkbaşına qərarlar qəbul edib. Bunu Ankara ilə müzakirə etmədən, Türkiyənin maraqlarını nəzərə almadan edib. Belə bir siyasət yürüdən ölkə Türkiyədən inciyir və onu günahlandırmağa çalışır. Lakin unutmaq olmaz ki, Türkiyə bütün bu məsələlərdə beynəlxalq hüquqa görə hərəkət edir. Buna rəğmən, Türkiyə Rusiya ilə münasibətləri yaxşı səviyyədə saxlamağa çalışır. Cənubi Qafqaz məsələsində Türkiyənin Azərbaycanın yanında yer alması, Gürcüstana verdiyi dəstək və digər məsələlər də Türkiyənin öz milli maraqlarından qaynaqlanır. Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsinə çatdırılıb. Bu baxımdan ciddi inkişaf var. Məncə, Şuşada Türk Dövlətləri Təşkilatı liderlərinin görüşündən, həmçinin bu qurumun təşkilatlanmasından da Rusiya narahat olmamalıdır. Çünki bu təşkilatın özü ölkələrarası münasibətlərin, xüsusilə iqtisadi münasibətlərin inkişafı üçün vacib addımlardan biridir. Rusiya və Türkiyə arasında müxtəlif görüşlər olsa da, əks qütblərdə dayansalar da, ən azından indiyə qədər Ankara ilə Moskva arasında problemli məsələlər ciddi konfliktə çevrilməyib".