"Qanun layihəsi birinci oxunuşda qəbul edilib"
Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Bu məsələ Milli Məclisin dünənki iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində yaxın qohumlar (əmi, dayı, bibi və xala övladları) arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, qüsurlu insanların 40,5 faizi qohum nikahlarından dünyaya gələnlərdir. Onun sözlərinə görə, təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari tibbi müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq: "Hər il nikaha girmək istəyən yüzlərlə insanda təhlükəli xəstəliklər aşkar edilir. Onlar nikaha girsəydi, dünyaya gələn uşaqlar xəstə doğulacaqdı. Doğrudan da, qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, bəzən 4 dəfə artıqdır. Bu, Ümumdünya Səhiyyə Təşkilatının statistikasıdır". Ə.Əmiraslanov qeyd edib ki, bu qanun layihəsi son dərəcə vacibdir: “Qanun qəbul edildikdən sonra insanlar arasında maarifləndirmə işlərinə böyük ehtiyac var. Biz parlamentin Səhiyyə komitəsi olaraq hər gün faciələrlə rastlaşırıq. Qohum nikahlarından doğulan uşaqlarda ən çox irsi xəstəliklərə, irsi qan xəstəliklərinə rast gəlinir. Bu, ailənin faciəsidir”. Komitə sədri erkən yaşda nikaha girən xanımların arasında reproduktiv orqanlarında bədxassəli şişlərin 7-8 dəfədən çox olmasına da diqqət çəkib.
Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu məsələlərlə bağlı dinləmələri regionlarda keçirmək lazımdır: “Növbəti çağırışın deputatları bu cür dinləmələri regionlarda keçirməlidir. Hər bir region deputatlarla təmsil olunur. Cəmiyyəti maarifləndirmək lazımdır”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə qanun layihəsində nəzərdə tutulan bu məqama qarşı olduğunu deyib. Deputat söyləyib ki, qohum evlilikləri ilə bağlı sərt qadağanın nəticəsini yaxın vaxtda görə bilməyəcəyik:
"Azərbaycanda insanların sosiallaşma imkanları o qədər məhdudlaşıb ki, yaxın qohumdan o yana çıxa bilmirlər. Bu, əsasən kəndlərdə belədir. Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir. Qanunvericilikdə yaxın qohum evlilikləri ilə bağlı nə qədər sərt qadağa qoysaq da, bunun nəticəsini yaxın vaxtda görə bilməyəcəyik".