"Əgər İrəvan hökuməti Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarından geri durursa, dəyişikliyi qısa zamanda həyata keçirmək mümkündür"
Ermənistan Baş naziri Paşinyan 2026-cı il dekabrın 30-dək yeni Konstitusiya layihəsini hazırlamağı və onu təsdiq etməyi tapşırıb. Qərarda "Konstitusiyaya dəyişikliklər” əvəzinə "yeni Konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub. Xatırladaq ki, Ermənistanın mövcud Konstitusiyasında qonşu ölkələrə, xüsusən də Türkiyə və Azərbaycana ərazi iddiaları yer alıb. Bu isə haqlı olaraq Bakı ilə Ankaranın etirazına səbəb olur. Onun nəticəsidir ki, Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın ana qanununun dəyişdirilməsi tələbi irəli sürülüb. Azərbaycan bunu sülh müqaviləsinin imzalanmasının əsas şərti hesab edir. Belə bir vəziyyətdə, Paşinyan 2026-cı ilin sonuna qədər yeni Konstitusiya layihəsini hazırlamağı tapşırıb. Lakin əksər ekspertlər bunun kifayət qədər uzun zaman olduğunu, İrəvan hökumətinin vaxtı uzatmağa çalışdığını deyirlər. Onu da nəzərə almaq lazımdır ki, Paşinyan “konstitusiyaya dəyişiklik” etmir, “yeni konstitusiya” qəbul edir. Çünki keçmiş hakimiyyətin dövründən qalma konstitusiya Paşinyan üçün daxili idarəetmədə çətinliklər yaradır. Bir neçə il öncə konstitusiya məhkəməsinin hakimləri ilə bağlı yaranmış problem də bunu ortaya çıxardı. Görünür, hakimiyyət yeni konstitusiya ilə “boşluqları” da aradan qaldırmaq niyyətindədir.
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sherg.az"a deyib ki, Ermənistan rəhbərliyi mütəmadi sülhdən danışsa da, məqsəd prosesi mümkün qədər uzatmaq, gedişatı öz xeyrinə dəyişməkdir. Deputatın sözlərinə görə, əgər İrəvan hökuməti Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz qəbul edirsə, Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarından geri durursa, dəyişikliyi qısa zamanda həyata keçirmək mümkündür:
"Bəlkə də, mövcud konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı yer alan iddiaları “dəyişdirmək” çətindir. Ona görə yeni konstitusiya daha məntiqli görünə bilər. Amma 2026-cı ilədək nəyi hazırlayacaqlar?! Görünür, Ermənistan rəhbərliyi yenə də daxili və beynəlxalq ictimaiyyəti yalanlarla aldatmağa çalışır. Azərbaycanın tələbləri çərçivəsində sülh sazişinə imza atmamaq üçün müxtəlif bəhanələr gətirir, prosesi nə qədər mümkündürsə yubadır. Yeni konstitusiyanın hazırlanmasının 2026-cı ilin sonuna nəzərdə tutulması sülh sazişinin də həmin müddətədək imzalanmasını sual altında qoyur. Sülh sazişinə dair ilkin sənədin bu ilin noyabr ayına qədər imzalanması gözləntiləri var idi. Ancaq rəsmi Bakı Ermənistan konstitusiyasındakı iddialardan imtina edilmədiyi müddətdə bunu mümkünsüz hesab edir. Paşinyanın yeni konstitusiya üçün qoyduğu müddət Bakının tələbini bu müddətdə yerinə yetirməyəcəyini göstərir. Rəsmi İrəvanın mövqeyi bu ehtimalı azaldır".