"ABŞ və Cənubi Koreya Putinin Şimali Koreyaya səfərindən çox narahat olub"
Rusiya Prezidenti Vladimir Putin son aylarda xarici səfərlərinin sayını artırıb. Kreml rəhbəri ilk növbədə Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlərə üstünlük verib. Putin Çindən sonra Şimali Koreya və Vyetnama səfər edib. Rusiya rəhbəri Koreya Xalq Demokratik Respublikasına sonuncu dəfə 24 il əvvəl, yəni 2000-ci ildə səfər etmişdi. Putindən başqa keçmiş SSRİ liderlərindən heç biri, o cümlədən Rusiyanın ilk Prezidenti Boris Yeltsin Şimali Koreyaya səfər etməyib. Dünya liderlərindən isə sadəcə Çin rəhbəri Tsi Cinpin 2019-cu ildə Pxenyana səfər edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, ABŞ və Cənubi Koreya Putinin Şimali Koreyaya səfərindən çox narahat olublar. Siyasi şərhçinin sözlərinə görə, Vaşinqton və Seul hesab edirlər ki, Rusiya hərbi texnologiyalarını Şimali Koreya ilə paylaşa bilər:
"Həqiqətən Rusiya ilə Şimali Koreya arasında iqtisadi əlaqələr aşağı səviyyədədir, 2021-ci ildə ticarət mübadiləsi cəmi 2 milyon dollar civarında olub. Doğrudur, sonrakı iki ildə ticarət mübadiləsi artıb və 29 milyona çatıb. Ancaq Rusiyanın Cənubi Koreya ilə ticarət mübadiləsi miqyasında bu çox kiçik rəqəmdir. Rusiya ilə Cənubi Koreya arasında ticarət mübadiləsinin həcmi 15 milyard dollardan çoxdur. Yənu bu rəqəmlərdən də görünür ki, Şimali Koreya Rusiyanın ticarət tərəfdaşı deyil. İki ölkə arasında əlaqələr siyasi dəstək müstəvisində qurulub. Pxenyan Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini ifadə edib. Vaşinqtonla Seulu əsas narahat edən məhz bu amildir. Bu iki dövlətin rəsmilərinin fikrincə, Rusiya Şimali Koreyaya sualtı gəmilər, ballistik raketlər üçün texnologiyalar ötürə bilər. Bu mümkündür. Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə görə, tərəflərindən birinə qarşı təcavüz halında hərbi yardımın göstərilməsi nəzərdə tutulub".
Analitik vurğulayıb ki, Pekin Kremlin tərəfdaşı olsa da, Rusiyanın Şimali Koreya ilə strateji tərəfdaşlığına ehtiyatla yanaşır: "“Reuters” agentliyi Pekinin Qərbə qarşı Rusiya-Şimali Koreya ittifaqına qoşulmaq istəmədiyini yazıb. Pekinin Pxenyana böyük təsir imkanları var və Çin bunu Rusiya ilə bölüşmək istəmir. Pekin Rusiyanın Vyetnamla tərəfdaşlığından da narahatdır. Çünki Şimali Koreya kimi Vyetnamın da Çinlə özəl münasibətləri var. Buna baxmayaraq, Vyetnam ətraf adalara nəzarət məsələsində Çinlə fikir ayrılığına malikdir. Pekində hesab edirlər ki, Rusiya Vyetnamla əlaqələri inkişaf etdirməklə bu ölkəni Çindən uzaqlaşdıra bilər. Vyetnam son illərdə xarici siyasətini və ticarət mübadiləsini şaxələndirməyə çalışır. Çindəki xarici müəssisələrin bir qismi alternativ olaraq Vyetnama və digər qonşu ölkələrə köçürlər. O biri tərəfdən ABŞ Çin məhsullarına gömrük rüsumlarını artırdığına görə Pekin özü də başqa bazarlara ixracatını artırıb. Məsələn, Çinin Meksika və Taylanda ixracatı iki dəfədən çox artıb. Ancaq bütün hallarda Pekin rəqibi ABŞ və ya tərəfdaşı Rusiyanın Çinin qonşularıyla sıx əlaqələrindən narahatlığını gizlətmir".