Paşinyan təxribatçıları zərərsizləşdirə bilmir

Sülh danışıqları arxa plana keçir

  "Ermənistan ordusunun Azərbaycanla şərti sərhədlərdə törətdiyi təxribatlar tərəflər arasındakı normallaşma prosesinə, sülhə qarşı yönəlib". Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Əlisahib Hüseynov deyib. Ekspert bildirib ki, iki ölkə son həftələrdə addım-addım sülhə doğru yaxınlaşdıqca, erməni apostol kilsəsinə və müharibə canisi, sabiq Prezident Robert Koçaryana bağlı revanşist qüvvələr getdikcə daha da fəallaşır, azğınlaşırlar:

"İrəvanın mərkəzində, Parlament binasının önündə Koçaryandan və II Qaregindən təlimat alan keşiş Baqrat Qalstanyanın tərəfdarlarının hökumət qüvvələrinə qarşı zorakılıqlara yol verməsi də atəşkəsin pozulması ilə əlaqəlidir. Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün etirazlara II Qareginlə Koçaryanın rəhbərlik etdiyini söylədi. Qalstanyanın adamlarının zorakılığa yol verməsi və Naxçıvan istiqamətində atəşkəsin pozulması bir-birinə zəncirvari bağlıdır. Bu təxribatların arxasında dayanan qüvvələrin əsas hədəfi Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanmasının mümkünlüyünü bildirən Nikol Paşinyanın mövqelərini zəiflətmək, sülhün imzalanmasına hər vəchlə mane olmaqdır".
  Analitikin fikrincə, son günlər atəşkəsin pozulması halları öncədən planlaşdırılmış açıq-aşkar təxribatlardır:
"Revanşist qüvvələrin digər məqsədi Azərbaycan tərəfini sərt cavab tədbirləri görməyə təhrik etməkdir. Bu da öz növbəsində yenidən hərbi eskalasiyaya, genişmiqyaslı silahlı toqquşmalara gətirib çıxara bilər. Nəticədə sülh danışıqları yenidən tormozlana və arxa plana keçər. Revanşistlərin atəşkəsi pozması da buna hesablanıb. Lakin bu kimi məkrli təxribatlarla sülh prosesinin qarşısını almaq mümkün deyil. Əslində, bu təxribatlar Ermənistan hakimiyyətinə imkan verir ki, sülh prosesinə mane olmaq istəyən pozucu, revanşist qüvvələrə qarşı daha sərt tədbirlər görsün. Paşinyan təxribatçıları neytrallaşdırmaqla sülh prosesinə aparan yolu sonuncu maneələrdən də təmizləmiş olar".