Parisin niyyəti odur ki, region bu ssenaridə xaos məkanına çevrilsin və Fransa həmin qarışıqlıqları idarə etsin
Fransa Cənubi Qafqazda növbəti eskalasiya mərhələsini təhrik edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, "CAESAR" haubitsalarının Ermənistana tədarükünə dair saziş bunu təsdiqləyir. Zaxarova bildirib ki, Paris ölkələr daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından yalnız öz fürsətçil məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır: "Öz fürsətçi məqsədləri dedikdə təkcə Fransanın öz milli maraqlarını nəzərdə tutmuram, həm də NATO ideologiyasının vasitəçisi olan Fransanı nəzərdə tuturam". Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Olimpiya Oyunlarına bir həftə qalmış istefa verə bilər. Bu barədə “Bellingcat” məlumat yayıb. Nəşr qeyd edin ki, sağçı partiyanın Avropa Parlamentinə seçkidə qələbəsi və Fransada elan edilən növbədənkənar parlament seçkisi Makron üçün ciddi mənfi faktora çevrilib: “Ölkə Olimpiya Oyunlarına ev sahibliyi etməyə zəif hazırlanıb. Terror təhlükəsi oyunların bütün tarixi ərzində ən yüksək səviyyədədir. Bütün bunların fonunda Makron istefasını elan etməklə, bundan sonra baş verən hər şeyi ölkənin yeni hökumətinin üzərinə atıb özünü xilas etməyə cəhd edə bilər”. Fransanın sabiq prezidenti, 2012-2017-ci illərdə ölkəyə rəhbərlik etmiş Fransua Olland deyib ki, Fransada makronizm sona çatdı. Olland ölkədə yenidənqurma vaxtının yetişdiyini bildirib. Eks-prezidentin sözlərinə görə, makronizm Fransaya siyasi baxımdan baha başa gəlib, partiyalara və ictimai rəyə ziyan vurub. Qeyd edək ki, Makron partiyasının AP seçkilərini uduzduqdan sonra Milli Assambleyanı buraxıb. Ölkədə növbədənkənar parlament seçkilərinin birinci turu 30 iyunda, ikinci turu 7 iyulda keçiriləcək.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a bildirib ki, Fransa Cənubi Qafqaz siyasətində Azərbaycana qarşı aqressiyasını artırmaqla iki məqsədini ifadə edir. Onun sözlərinə görə, Paris ilk mərhələdə Ermənistanı silahlandırmaqla perspektiv şəkilləndirmə üçün şərait yaratmağa çalışır:
"Fransanın məqsədi növbəti mərhələdə böyük planda açılır. Parisin niyyəti odur ki, region bu ssenaridə xaos məkanına çevrilsin və Fransa həmin qarışıqlıqları idarə etsin. Fransanın Ermənistanda hərbi baza yaratmaq istəkləri qeyd etdiyim mərhələli planlardan xəbər verə bilər. Ancaq potensial və imkanlar baxımından Fransanın Cənubi Qafqazda qol-qanad açaraq şişməsi o qədər də gerçək səslənmir. Ona görə ki, Fransanın addımları Rusiya və Türkiyə ilə yanaşı, regionda Azərbaycanın maraqlarını nəzərə alaraq strateji tərəfdaşlıq xəttini inkişaf etdirmək istəyən Böyük Britaniyanın da prioritetlərinə ziddir. Başqa yandan, Azərbaycan müdafiə qüdrəti və mümkün hərbi təxribatlara qarşı güclü arsenalı Fransanın maraqlarına sığınan Ermənistana daha sarsıdıcı zərbə vurmaq iqtidarındadır. Bu isə birbaşa və ya dolayı yollarla Fransanın regiondakı zərərli maraqlarını zərbə altına qoyur. Məntiqlə, Fransanın regionda Ermənistana gizli gündəliklə sərmayələr qoyması həm İrəvan, həm də Paris üçün xeyir gətirən deyil".