Cümşüd Nuriyev: Yaxşı olar ki, köhnələr seçkilərə qatılmasınlar

Çünki ötən müddət ərzində özlərini cəmiyyətə çox "yaxşı" tanıdıblar
 
 
 "Parlament seçkilərinin bir az qabağa çəkilməsi anlaşılandır. Yeni Azərbaycan Partiyası parlamentdə çoxluq təşkil edən partiyadır və YAP-ın təşəbbüsü qanunçuluğun qorunmasına xidmət edir". 

Bunu "Sherg.az"a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.

 Ekspert bildirib ki, parlamentin növbəti dəfə özünü buraxması ilə bağlı fikirlər söylənsə də, dövlət quruculuğunun tələbləri var: 
"Demokratik qaydalara əməl edən dövlət bu cür addım atmalıdır. Avqusta çatmasa da, sentyabrın əvvəllərində növbədənkənar seçkilər keçirilə bilər. Burada iki ay müddət məsələsi var və qərarın imzalanıb qüvvəyə minməsi təxminən sentyabrın birinci ongünlüyünə çəkər. Parlamentimiz yeni dövrün tələblərinə uyğunlaşmalıdır. Əlbəttə, parlamentdə yeni simaların olması, yeni dönəmdə kimlərin mandat qazanacağı önəmlidir. Milli Məclisdə 4-5 çağırış oturub, heç bir iş görməyən deputatlar var. Seçkiqabağı şirinlərə dönüb xalqın taleyi haqqında düşünməyə başlayanlar qeyri-səmimidir. Bu adamlar özlərinə hörmət etmirlər, heç olmasa, seçicilərinə hörmət qoysunlar".
 
Analitik vurğulayıb ki, parlamentdə bütün məsələlər siyasi təhlil və tənqidi təfəkkür üzərində qurulmalıdır:
 "Təəssüf ki, bizim parlamentdə bu məqam çatışmır. Keçən dəfə özünü buraxan parlamentə təzədən 83 nəfər eyni adam seçildi. Yaxşı olar ki, köhnələrin çoxu, ümumiyyətlə, budəfəki seçkilərə qatılmasınlar. Çünki ötən müddət ərzində özlərini cəmiyyətə çox "yaxşı" tanıdıblar. Köhnə təfəkkürlü adamlardansa, müasir parlamentçiliyə Qərb təfəkkürlü gənclər daha uyğundur. Amma bütün parlamentlarilər mütləq milli təfəkkürlü olmalıdır. Milli təfəkkür olan yerdə nəinki parlament, dövlət də güclü olur".