Dünyanın güclü ölkələri Azərbaycanın belə peşəkar Ordusunun olacağını təsəvvür etmirdi
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması haqqında qərar qəbul edilir. Lakin o dövrün məlum səbəblərindən, həmçinin müstəqilliyin ilk illərindən Ermənistanın ölkəmizə hücumu, törətdiyi qətliamlar ordu quruculuğu işini dərindən sarsıdır. Nəticədə düşmən 20 faiz torpaqlarımızı işğal etməyə nail olur. Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ordu quruculuğu işinə xüsusi önəm verir. Bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə uğurlu əməliyyat həyata keçirir və Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilir. Ordu quruculuğu işinə böyük önəm verən Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan olunur. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə ordu quruculuğu prosesi tamamilə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchiz olunması yönündə ciddi işlər görüldü və qısa bir zamanda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrildi. “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə də, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə tarix yazdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Ordumuz Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqeləri azad etdi. 2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində mühüm izlər qoydu. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, çox qısa bir zamanda, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Bir günlük lokal antiterror tədbirlərinin nəticəsi kimi 2023-cü il noyabrın 8-də Xankəndidə hərbi parad keçirildi. Paradda çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edib: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. 44 gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbiçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, Ordumuz 44 gündə davam edən Vətən müharibəsinin hər bir günündə qələbə dastanı yazdı. Parlament üzvü vurğulayıb ki, müstəqillik illərində Azərbaycan Ordusu böyük inkişaf yolu keçib:
“1990-cı illərin əvvəlində hərbi qüvvələrimiz pərakəndə şəkildə mövcud idisə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nizami ordu quruculuğu prosesinə uğurla başlanılıb. Məhz Prezident İlham Əliyevin davam etdirdiyi nizami ordunun gücləndirilməsi siyasəti sayəsində bu gün peşəkar orduya malik ola bilmişik. Uzun illər idi ki, dövlət büdcəsinin əhəmiyyətli hissəsini ordu xərclərinə yönəldilir, müasir silahlar alınır, əsgər və zabitlərin xidmət şəraiti müasirləşdirilir, orduda ciddi nizam-intizam formalaşdırılırdı. Ordumuz mütəmadi hərbi təlimlərə cəlb olunur və müasir silahlarla davranış qaydalarına yiyələnirdi. Dövlət başçımız bilirdi ki, ədalətin bərpasının yeganə yolu ordumuzun gücləndirilməsindən keçir. Məhz orduya göstərilən diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu qısa zaman kəsiyində dünyanın ən güclü 50 ordusu sırasına daxil ola bildi. 2026-cı ildəki Aprel döyüşləri və 2018-ci ildə keçirdiyimiz Günnüt əməliyyatı Azərbaycan ordusunun gücünün qismən nümayişi idi. Dövlət başçımız istəyirdi ki, düşmən ordumuzun gücünü görsün və nəticə çıxararaq müharibənin baş verməsinə rəvac verməsin. Amma 27 sentyabr 2020-ci ildə biz Ermənistanla yenidən müharibə etməyə məcbur olduq. Ordumuz 44 gündə davam edən Vətən müharibəsinin hər bir günündə qələbə dastanını yazdı. Ordumuz bir nəfər fərarisi olmadan 44 günün hər bir günündə irəliləyərək düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Rəşadətli əsgər və zabitlərimiz peşəkarcasına yolsuz yerlərdən keçərək, dağları aşaraq düşməni məğlub etdi. 44 günlük Vətən müharibəsinin kulminasiyası olan Şuşa əməliyyatı dünya hərb tarixinə qızıl hərflərlə yazıldı”.
Deputat qeyd edib ki, dünyanın güclü ölkələri Azərbaycanın belə peşəkar Ordusunun olacağını təsəvvür etmirdi:
“İndi isə onlar Ordumuzun döyüş təcrübəsini öz orduların hazırlanması proqramına daxil etdilər. Məhz Ordumuzun güclü olması Ağdamın, Kəlbəcərin və Laçının bir güllə atılmadan işğaldan azad olmasına yol açdı. Prezident İlham Əliyev deyirdi ki, müharibənin başa çatması ilə biz arxayınlaşmamalıyıq və Ordumuzun daha da gücləndirilməsi həmişə bizim prioritetimiz olmalıdır. Ona görə də yeni komando ordu hissələri yaradılmağa başlanıldı. Ordumuzun peşəkarlığının artırılması üçün Türkiyə Ordusu ilə mütəmadi təlimlər keçirilir. Bu gün Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılıb. 19-20 sentyabr 2023-cü ildə 23 saatdan az müddətdə keçirilən lokal xarakterli antiterror tədbirləri Ordumuzun necə yüksək döyüş qabiliyyətli olduğunu bir daha təsdiq etdi. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü təsdiq edib və beynəlxalq normalar çərçivəsində müharibə apardı. Ona görə də həm 44 günlük Vətən müharibəsi dövründə, həm də lokal xarakterli antiterror tədbirləri zamanı Ordumuz mülki insanlara və obyektlərə güllə atmadı. Ancaq separatçıların yuvalarını, düşmənin legitim hərbi hədəflərini darmadağın edən Ordumuz Ali Baş Komandanın qarşısına qoyduğu bütün döyüş tapşırıqlarını yüksək səviyyədə icra etdi”.
A.Badamov Ordumuzun müstəqilliyimizin qarantı olduğunu vurğulayıb:
“Azərbaycanın yerləşdiyi coğrafiya və ərazilərimizin təbii sərvətlərlə zənginliyi xarici düşmənlərin həmişə marağında olub. Ona görə də uzun illər xalqımıza qarşı faciələr törədildi, ərazilərimiz işğal olundu və dövlətimizi gücsüzləşdirməyə çalışdılar. Amma Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı güclü və özünü xarici təhdidlərdən qoruya bilən ölkəyə çevirib. Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir döyüş tapşırığını yüksək səviyyədə icra etməyə qadirdir. Azərbaycanın iqtisadi qüdrətinin artması orduya diqqətinin daha da artırmasına yol açır. Təbii ki, bu gün hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandan və rəşadətli Ordusu ilə fəxr edir və qürur duyur. Dəmir yumruq yerindədir”.