Turan Rzayev: “Boş macəraları sevmirəm, prosesləri reallıqlar çərçivəsində dəyərləndirirəm"
"Növbədənkənar parlament seçkilərinə qatılmaq kimi düşüncəm yoxdur. Bu iş üçün həm yaşım çox gəncdir, həm də təcrübəm yetərsizdir. Boş macəraları sevmirəm, prosesləri reallıqlar çərçivəsində dəyərləndirirəm". Bunu "Sherg.az"a açıqlamasında politoloq, jurnalist Turan Rzayev deyib. Ekspert bildirib ki, bununla belə təcrübə toplamaq, prosesi yaxından izləmək üçün seçki kampaniyasına dəstək verəcəyi namizədlər ola bilər:
"Milli Məclis özünün buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə qərarın verilməsi üçün Prezidentə müraciət edib.
Bu məsələdə iqtidar partiyasının qərarı mühüm olsa da, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilirdi. Qanunvericiliyə görə, Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməlidir. Lakin həmin ay Azərbaycanda dünyanın ən mötəbər tədbiri sayılan COP29 keçiriləcək. COP29-un yüksək səviyyədə təşkil edilməsi hazırda dövlətin başlıca prioritetidir. Belə olan halda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi bu baxımdan doğru qərar ola bilər".
Ekspertin fikrincə, bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması lazımdır: "Məsələn, növbədənkənar seçkilər zamanı parlamentə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzuru təmsil edəcək millət vəkilləri seçilməlidir.
Bundan başqa əhalinin sayı artıb. Yəni buna görə deputat sayı da arta bilər. Digər bir məqam isə vəfat edən deputatlardır ki, onların yerinə yeni deputatların seçilməsi vacibdir. Nəticə etibarilə ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması lazımdır. Bu mənada YAP İdarə Heyətinin iclası və Milli Məclisdə qəbul edilən qərar yerində və doğrudur".