ABŞ mətbuatında Azərbaycanla Ermənistan arasında sülh imkanlarından bəhs olunub. Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ABŞ-nin populyar nəşri “The Jewish Press”də dərc olunmuş məqaləsində yazıb. “Azərbaycan və Ermənistan arasında sülh uzaq xəyal olaraq qalır” sərlövhəli məqalədə qeyd edilib ki, Ermənistan konstitusiyasını dəyişməkdən imtina etdikcə, Azərbaycan tərəfi sülh sazişinin imzalanmasını mümkünsüz sayır. Ermənistanda və bir sıra ölkələrdə vəziyyətin daha da gərginləşməsində maraqlı olan müəyyən qüvvələr yaranmış situasiyadan yararlanaraq tez-tez Azərbaycana qarşı təxribatlara əl atırlar. Azərbaycan ərazilərinin yenidən işğalı ideologiyasının ən qatı tərəfdarlarından biri, həbsdən əvvəl Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərindəki keçmiş separatçı rejimə rəhbərlik etmiş Ruben Vardanyandır. Bütün işğal tərəfdarları kimi Vardanyan da Ermənistanın Qarabağ üzərində nəzarəti bərpa etməsini istəyir və bu cür iddialara son qoyacaq sülh sazişində maraqlı deyil. Ermənistan konstitusiyasına dəyişiklik edilməyəcəyinə dair Nikol Paşinyanın bu yaxınlardakı bəyanatına diqqət çəkən müəllif bu qəbildən addımların Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını çətinləşdirdiyini vurğulayıb. O, həmçinin silahdaşları İrəvan küçələrində sülh sazişinə etiraz edən Vardanyan kimi yenidən işğal ideologiyasının tərəfdarlarının Ermənistanın baş nazirinə təsir göstərdiyini də diqqətə çatdırıb. Yazıda Ermənistanla sülh sazişi imzalamaq istəyən Azərbaycanın bu ölkəyə ATƏT-in hazırda fəaliyyət göstərməyən Minsk qrupunun ləğvi tələbinə dair birgə müraciətlə çıxış etməsini təklif etdiyi də qeyd olunub. Eyni zamanda diqqətə çatdırılıb ki, belə bir addım olmasa, münaqişənin yenidən başlaması an məsələsidir: insanların ürəyindən və şüurundan münaqişə istəyi silinməsə, Ermənistan yenidən silahlanacaq, hərbi imkanlarını müasirləşdirəcək və yenidən münaqişəyə başlayacaq. Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına çalışır. Analitik vurğulayıb ki, Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində ikitərəfli danışıqlar aparır:
"Xüsusilə ABŞ dövlət katibinin müavini və köməkçisinin Ermənistana səfəri, ardınca dövlət katibi A.Blinkenin Prezident İlham Əliyevə telefon zəngi sülh müqaviləsinin bağlanmasına hesablanıb. Rusiya Ermənistanın sülh müqaviləsini bağlamasına maksimum mane olmağa çalışır. Qərblə əməkdaşlıqda İrəvanın maraqlarının qorunmayacağını, Moskva ilə əməkdaşlığın daha faydalı olacağını iddia edir. Paşinyan da Rusiyaya eyham vuraraq Ermənistanı qonşularla düşmən etmək istəyənlərin olduğunu söyləmişdi. Göründüyü kimi Rusiya maksimum çalışır ki, Ermənistanda hakimiyyət dəyişikliyi etsin və sülhə mane olsun.
ABŞ və Türkiyə isə maksimum sülhə çalışır. Məhz Prezident Ərdoğanın Baş nazir Nikol Paşinyanla telefon danışığı və ardınca Bodrumda Prezident İlham Əliyevlə görüşə getməsi sülh istiqamətində müəyyən detalların müzakirə edilməsindən xəbər verir. ABŞ, Türkiyə, Azərbaycan və Ermənistan müştərək sülh üzərində işləyir".