Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli proqres var.
Bunu Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.“Açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb”, - nazir əlavə edib.
Ceyhun Bayramov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldığını qeyd edib: “Ermənistanın əsas qanununda - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu, bizim tərəfimizdən prosesin başa çatdırılmasında ən ciddi əngəl kimi görünür”.
Nazir əlavə edib ki, bu, Ermənistanın özü üçün də çox xoşagəlməz hal kimi qəbul edilməlidir.
“Bu istiqamətdə müvafiq addımların atılmasını gözləyirik”,-nazir deyib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə estoniyalı həmkarı Maqnus Tsakhna ilə Tallində birgə keçirdiyi mətbuat konfransında qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni demək olar ki, yekunlaşıb.
Azərbaycanla münasibətlərə gəlincə, biz danışıqlar prosesini davam etdiririk. Sülh müqaviləsi layihəsinin mətnini demək olar ki, yekunlaşdırmışıq. Ermənistan bir ay içərisində mətni tamamilə yekunlaşdırmağa və Azərbaycanla sülh sazişini imzalamağa hazırdır”, - nazir vurğulayıb.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov söyləyib ki, Sülhün imzalanması üçün əsas məsələ Ermənistanın qanunvericiliyi dəyişdirməsidir:
"İlk növbədə konstitusiyaya düzəlişlər edilməli və yaxud çıxarışlar olunmalıdır. Ermənistan isə konstitusiya dəyişikliyinin onun daxili məsələləri olduğunu bildirir. Amma heç də daxili məsələ deyil. Bu çox gülməli arqumentdir. Çünki konstitusiyada iddia edilir ki, Azərbaycanın torpaqları, o cümlədən “Dağlıq Qarabağ” Ermənistanın bir hissəsidir. Güya SSRİ dövründə Qarabağ muxtariyyət kimi Ermənistanın tərkibinə verilib. Bunların hamısı Ermənistan konstitusiyasından çıxarılmalıdır. Digər Tərəfdən qondarma rejim büdcəsinin böyük hissəsini Ermınistandan alırdı.Ona görə də bunlar çox ciddi məsələlərdir. Çünki sülh sazişi imzalanan zaman həmin qanunvericilik qalsa, onlar konstitusiya məhkəməsinə gedərək sülhün düzgün bağlanmadığını iddia edəcəklər. Bildirəcəklər ki, sülh sazişi Ermənistanın konstitusiyasına və qanunvericiliyinə ziddir”.