Sülh müqaviləsinin imzalanmasının ləngiməsi Zəngəzur dəhlizinin açılmasını da yubadır
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün imzalanması həm bütövlükdə region, həm də Mərkəzi Asiya üçün önəmli məsələdir. Obrayn deyib ki, Mərkəzi Asiya ölkələri öz məhsullarını dünya bazarına ya Rusiya, ya da Çin vasitəsilə ixrac edirlər. Amerika rəsmisinin sözlərinə görə, onların alternativ üçün Azərbaycanla işləməyə ehtiyacı var: "Bir yol Gürcüstan və Qara dənizdən keçir, digər yol, yəni potensial olaraq daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir. Bu mənada müharibəyə son qoymaq və 1990-cı ildən bəri mövcud olan bu dəhşətli münaqişənin başa çatması üçün bizim Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyacımız var. Bizim mesajımız budur: artıq sülh zamanıdır!”.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın nə qədər vacib dövlət olduğunu və mühüm mövqeyə malik olduğunu ABŞ də dərk etməyə başlayıb. Analitik bildirib ki, Zəngəzur dəhlizi uzun müddətdir Azərbaycan hakimiyyətinin anlatmağa çalışdığı bir layihədir:
"Həm Ermənistana, həm digər dövlətlərə Azərbaycan rəhbərliyi başa salmağa çalışır ki, bu dəhlizin açılması təkcə bölgə ölkələri üçün deyil, bütövlükdə dünya üçün çox əhəmiyyətlidir. O baxımdan ABŞ-nin bu məsələyə verdiyi dəyər və diqqət əhəmiyyətlidir. Lakin amerikalı rəsminin də vurğuladığı kimi, bunun üçün ilk növbədə sülh sazişi imzalanmalıdır. Ermənistan Azərbaycanın ədalətli tələblərini qəbul etməlidir. Konstitusiya ilə bağlı, o cümlədən İrəvanın qəbul etdirməyə çalışdığı yanlış prinsiplərdən imtina edilməsi məsələsində Azərbaycanın mövqeyi müdafiə olunmalıdır.
ABŞ də buna çalışmalıdır. Əks halda sülh sazişinin imzalanması bir az da ləngiyə bilər".
Ekspertin sözlərinə görə, sülh müqaviləsinin imzalanmasının ləngiməsi Zəngəzur dəhlizinin açılmasını da yubadır: "Ermənilərin həmin dəhlizin, bütövlükdə kommunikasiyaların bərabərlik və qarşılıqlı prinsiplər əsasında açılmasını tələb etməsi qəbuledilməzdir. Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn yolla Ermənistandan Çinə, yaxud Orta Asiyaya gedən yolun statusu eyni ola bilməz. Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn yol fərqli statusa malik olmalıdır. Orada maneəsiz hərəkət təmin olunmalı, mənasız yoxlamalara imkan verilməməlidir. Hələ ki, Ermənistan bunu başa düşə bilmir. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının əsas işi də İrəvanı başa salmaqdan ibarət olmalıdır. Bu günə qədər olduğu kimi, bundan sonra da müəyyən reallıqları Ermənistana anlatmaq lazımdır. Belə olarsa, qısa müddətdə Zəngəzur dəhlizi açılar və bölgənin inkişafında mühüm rol oynayar. Eyni zamanda digər dövlətlər yeni bir marşrut əldə edərlər. Rusiya və Çindən asılılıq xeyli azalar".