Ali Baş Komandan İlham Əliyev ölkəmizin təhlükəsizliyini və müdafiəsini daim prioritet sahə olaraq diqqət mərkəzində saxlayır
İyunun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub. Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, “Leonardo” şirkətinin Prezidenti Stefano Pontekorvo iştirak ediblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir. “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq. Prezident İlham Əliyev İtaliya müdafiə naziri Quido Krosetto ilə görüşündə bildirib ki, Azərbaycan ilə İtaliya bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərir. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə əlaqələrin əsasını təşkil edir. Ölkə rəhbərinin sözlərinə görə, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsi İtaliyanın payına düşür və ticarət dövriyyəmiz 15 milyard dolları ötüb: "Bir çox İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Neft-qaz sahəsindəki əməkdaşlığımız təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıyır”. Prezident əməkdaşlığın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxunub. Qeyd edib ki, İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir. İtaliyanın müdafiə naziri Quido Krosetto isə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın başlanmasından məmnunluğunu bildirib. İtaliyanın müdafiə naziri bundan öncə ötən il yanvarın 12-də Azərbaycanda səfərdə olub. Səfər zamanı iki ölkənin müdafiə nazirləri hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib. Müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb. 2023-cü il iyunun 8-də isə Azərbaycan İtaliya ilə bir neçə “C-27J Spartan” təyyarələri alınması barədə müqavilə imzalayıb.
Hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin təhlükəsizliyini və müdafiəsini daim prioritet sahə olaraq diqqət mərkəzində saxlayır. Ekspertin sözlərinə görə, ilk dəfə bütun suveren ərazilərimizdə, həm də bir nəfər olsun rus əskərinin əlkəmizdə qalmadığı bir gündə, Silahlı Qüvvələr Günündə Prezidentə C-27J "Spartan" təyyarəsinin təqdim edilir:
"Təbii ki, bu tarix təsadüfi secilməyib. Ali Baş Komandan nəyi nə vaxt etməyi çox yaxşı bilir. Yeni və müasir təyyarələr Vətən Müharibəsində Qələbəmizin əldə olunmasında əhəmiyyətli rol oynayan Hərbi Hava Qüvvələrinə bəlkə də ən gözəl hədiyyə oldu. Azərbaycan Hərbi Hava Qüvvələrinə C27 J təyyarələnin tədarükü üçün müqavilə bir il imzalanıb. C-27J "Spartan" İtalya və ABŞ tərəfindən birgə istehsal edilən müasir təyyarədir, taktiki hərbi nəqliyyat sinifinə aiddir. "Alenia" G.222 təyyarəsi bazasında yaradılan C27J təyyarəsi LMATTS (Lockheed Martin Alenia Tactical Transport Systems) konsorsiumu tərəfindən hazırlanıb. İstiehsalçısı isə bizə Bakıda keçirilən ənənəvi ADEX sərgilərindən yaxşı tanış olan İtaliyanın "Leonardo" şirkətidir. C 27J təyyarələri şəxsi hüyətin, xüsusi təyinatlı bölmələrin, xəstələrin, hərbi yüklərin, artilleriya vasitələrinin, zirehli və zirehsiz vasitələrin sürətli daşınması üçün nəzərdə tutulur. Mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadir olan bu təyyarələrin ilk uçuşu 1999-cu ildə həyata keçirilib. 2008-ci ilin sonunda bu təyyarənin sifariş portfeli 100 ədəddən çox idi. Ümumilikdə tək Pentaqon həm yüngül C-23 "Sherpa" hərbi təyyarələrini əvəz etmək, həm də C-130 "Hercules" təyyarələrinin və CH-47 "Chinook" helikopterlərinin daşınma yükünü azaltmaq üçün 78 nəqliyyat təyyarəsi sifariş etmişdi. 2020-ci ildə isə təyyarənin növbədə gözləyən sifariş portfeli 87 ədəddən ibarət idi".
Ə.Verdiyev vurğulayıb ki, Azərbaycandan başqa bu təyyarələr Avstraliya, Bolqarıstan, Yunanıstan, Zambiya, İtaliya, Litva, Mərakeş, Meksika, Peru, Rumıniya, Slovakiya, Sloveniya, ABŞ, Türkmənistan və Çad hərbi hava qüvvələri tərəfindən istifadə olunur.