Kremlin belə sətiraltı iddiaları yeni deyil, hərçənd Rusiyadan rəsmi səviyyədə səslənən bu iddialar ikitərəfli münasibətlərdə gərginliyi tətikləyir
“Bu situasiya Bakının rəsmi şəkildə Moskvaya cavab verməsi zərurətini yaratsa da, bunun diplomatik kanallarla çatdırılması daha məqbul olardı”
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla yanaşı Rusiyanın siyasətindən də danışıb və Moskvanı suçlayıb. Qriqoryan müharibədə uduzmaqlarına görə, Rusiyanı ittiham edib: "Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Bu reallıqdır. Rusiya aldı, mən bunu təsdiq edirəm. Rusiyanın icazəsi olmasaydı, bu müharibə baş verməzdi”. Rusiya rəsmiləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın itirilməsinə görə, Moskvanı günahlandırmasına cavab veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Armen Qriqoryan öz əraziləri uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb: “Ermənilər bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?”. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də açıqlama verib. Karasin Armen Qriqoryanın açıqlamasının həqiqətə uyğun olmadığını belə izah edib: “Qriqoryan bu məsələ ilə bağlı erməni siyasətçilərinin açıqlamalarıyla tanış olmalıdır. Erməni siyasi xadimlərinin, o cümlədən yüksəkrütbəli rəhbərliyin qeydlərinə və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Armen Qriqoryan həmin qeydləri oxusun”. Prezidentin köməkçisi Hikmət Hacıyev də Qriqoryanın iddiasından danışıb. Onun sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibinin açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil. H.Hacıyev qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında Ermənistan ordusunu məğlub edib, mütləq hərbi qələbə qazanıb və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib: "Ermənistan rəhbərliyi ordu sıralarında 10 min nəfərdən artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü ilin senyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərksilah olunub. Qarabağ tam azad edilib. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilmiş və ya qənimət götürülüb. Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür".
Siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, Qriqoryanın “Rusiya Qarabağı Azərbaycana qaytardı” açıqlamasının İrəvanın məğlubiyyətə görə günahı Moskvanın üzərinə qoymaq və xarici siyasətdə oriyentasiya dəyişikliyini əsaslandırmaq xəttinin davamı olduğu bəllidir:
"Rəsmi Bakı İrəvan-Moskva xəttindəki “ritorik müharibədə” motiv kimi Qarabağın istifadə edilməsini cavabsız qoymamalı idi, yüksək səviyyədə cavab verildi də. Bununla yanaşı, Rusiyaya da müəyyən mesajların çatdırılması zərurəti yaranır. Çünki Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Qriqoryana verdiyi cavab Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb oldu. Zaxarova Qriqoryanı “öz əraziləri uğrunda həyatlarını qurban verən erməniləri təhqir etməkdə” ittiham edib və bununla Qarabağın işğalçı ermənilərə “məxsusluğu” iddiasını da irəli sürüb. Moskvanın belə sətiraltı iddiaları yeni deyil, hərçənd, Rusiyadan rəsmi səviyyədə səslənən bu iddialar ikitərəfli münasibətlərdə gərginliyi tətikləyir. Bu situasiya Bakının rəsmi şəkildə Moskvaya cavab verməsi zərurətini yaratsa da, bunun diplomatik kanallarla çatdırılması daha məqbul olardı. Çünki rəsmi cavab İrəvan və Moskva arasındakı hesablaşmanın “ritorik xəttinə” Bakının da qoşulması ilə nəticələnəcək ki, bunun Azərbaycana faydası yoxdur. Əvəzində bu cür açıqlamaların qəbuledilməz olduğunu Moskvaya diplomatik kanallarla çatdırmaq olar".