“Azərbaycan və Ermənistan arasında danışıqlar birbaşa davam etdirilir və heç bir üçüncü vasitəçiyə ehtiyac yoxdur”
AŞPA “Ermənistanın üzərinə götürdüyü öhdəliklər" (demokratik təsisatlar) adlı qətnamə qəbul edib və bu dəfə də qərəzini ortaya qoyub. Ermənistanda demokratiya ilə bağlı danışan AŞPA diqqəti bu ölkənin daxilinə çevirmək əvəzinə, yenə də, Qarabağdan danışıb. Konkret olaraq, Assambleya qeyd edib ki, son münaqişə Ermənistana ciddi təsir göstərib. Qətnamə öldürülən insanların sayından dəhşətə gəldiyini bəyan edib və bütün erməni hərbi əsirlərin geri qaytarılması tələbini bir daha vurğulayıb. AŞPA həmçinin mədəni və dini irsin əhəmiyyətini və onun qorunması və bərpası üçün zəruri mexanizmlərin yaradılmasının təcili ehtiyacını bir daha təsdiqləyib. Gərginliyin azaldılmasına və gərgin çıxışların və ya hərəkətlərin sayının artmasına təəssüflənib.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a bildirib ki, AŞPA-nın hansı rəzil səviyyədə olduğu ortadadır. Ekspertin sözlərinə görə, Azərbaycan dəfələrlə "Dağlıq Qarabağ" termininin keçmişdə qaldığını bildirib:
"Azərbaycan daxilində Qarabağ İqtisadi Zonası var. ATƏT-in Minsk qrupuna qayıdış AŞPA-nın arxasında olan Makronun görə biləcəyi ən yaxşı halda yuxu ola bilər. Azərbaycan və Ermənistan arasında danışıqlar birbaşa davam etdirilir və heç bir üçüncü vasitəçiyə ehtiyac yoxdur. Qarabağ erməniləri məsələsi Azərbaycan dövlətinin daxili işidir və bunun nə AŞPA, nə də Minsk qrupuna dəxli olmalıdır. 2023-cü ilin payızındakı antiterror tədbirləri vəziyyəti dəyişdi və dialoqu qəbul etməyən ermənilər ərazilərimizi könüllü şəkildə tərk etdilər. Terrorçuları "əsir" adlandıran AŞPA-dakı deputatlar bununla çirkabın içində olduqlarını və quldurları dəstəklədiklərini nümayiş etdirirlər. Cinayətkarlar AŞPA-ya və digərlərinə nümunə olaraq Bakıda həbsxanadadırlar və bu mövzu hüquqi məsələdir, siyasi deyil. AŞPA əgər doğrudan da, demokratiyadan danışmaq istəyirsə, o zaman azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı üçün Ermənistan hökuməti qarşısında məsələ qaldırmalı idi".