Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.
Ceyms O’Brayn ABŞ Dövlət katibi Antoni Blinkenin bu yaxınlarda Prezident İlham Əliyev ilə telefon danışığını və bu əsnada aparılan müzakirələri məmnunluqla qeyd etdi. O, ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğuladı. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd etdi. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlər müzakirə olundu.
Prezident İlham Əliyev Antoni Blinkenlə telefon danışığını məmnunluqla xatırladı, bu telefon danışığı əsnasında əlaqələrimizin geniş spektrinin müzakirə olunduğunu dedi.
Azərbaycan ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğu vurğulandı.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edildi. COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın öz dəstəyini bundan sonra da davam etdirəcəyi vurğulandı.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Amerika Birləşmiş Ştatları Cənubi Qazqazda gedən proseslərdə və Azərbaycanla Ermənistan arasında sülh məsələlərində iştirak etmək niyyətini ifadə edir:
“Məhz bu xüsusda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycan səfər edib. Şübhəsiz ki, Amerikanın Cənubi Qafqazla bağlı öz siyasi gündəliyi var. Həmin gündəlik isə əsas etibarilə kommunikasiya xəttlərinin açılması, nəqliyyat və logistika əməliyyatları, avtomobil və dəmir yolu yönündədir. Yəni Amerika çalışır ki, Mərkəzi Asiya və Cənubi Qazqaz arasında bağlantılar formalaşsın. Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi nəqliyyat anspektinin genişləndirilməsi məqsəd kimi irəli sürülür. Eyni zamanda, Bakı və Vaşinqton arasıdakı münasibətlər də masaya yatırılacaq. Digər tərəfdən Bakı və İrəvan arasında sülh müqaviləsinin sürətləndirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası haqqında da fikir mübadiləsi aparılacaq. Azərbaycanın əsas istəyi ABŞ-nin proseslərə balanslı yanaşması, Ermənistanın hansısa güzəştlər və imtiyazlar əldə etməsi məsələsini ortaya qoymamasıdır. Həmçinin, Prakmatiq və rasional regiondakı yeni geosiyası reallıqları nəzərə almaqla münasibətləri nəzərdən keçirməsi və bunun əsasında qərarlar qəbul olunmasıdır”.