Parlament buraxıldı: Seçkiyə hazırlıq - Ağasif Şakiroğlu ilə söhbət

Növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib

Ağasif Şakiroğlu: “Biz yeni parlamentdə ona nail olmalıyıq ki, xalqla işləyən, xalqın seçdiyi insanlar parlamentdə olsunlar və əhali ilə işləyə bilsinlər”

  Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, altıncı çağırış Milli Məclisi buraxılıb. Növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib. Məlumat üçün bildirək ki, iyunun 21-də Milli Məclisin iclasında məsələyə baxılıb və hakim partiyanın təşəbbüsü ilə qəbul edilib. Milli Məclis buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlamışdı. Artıq ölkədəki partiyalar, ictimai-siyasi təşkilatlar, ayrı-ayrı şəxslər növbədənkənar seçkilərə hazırlıq görürlər. Seçkiyə fəal surətdə hazırlaşan partiyalardan biri də Gələcək Azərbaycan Partiyasıdır. Partiya sədri Ağasif Şakiroğlu növbədənkənar seçkilərlə bağlı "Sherg.az"ın suallarını cavablandırıb...

 - Ağasif bəy, növbədənkənar seçkilərin elan olunmasını və bunu zəruri edən amilləri necə dəyərləndirirsiniz?

 - Hesab edirəm ki, bu, gözlənilməz addım deyildi. Payızda ölkəmizdə keçiriləcək qlobal və beynəlxalq əhəmiyyətli tədbirlərdən dolayı bu tip addımın atılacağı gözlənilən idi. Eyni zamanda hesab edirəm ki, bu addım həm də ölkəmizlə bağlı məkrli planlar quran, seçkilər öncəsi təxribat və pozuculuq etmək istəyən qüvvələrin məkrli planlarını pozmuş oldu. Növbədənkənar parlament seçkiləri həm də müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, ərazi bütövlüyünü tam bərpa etmiş formada keçiriləcək. Yəni ölkəmizin suveren bütöv ərazilərində seçki baş tutacaq. Bu da bu seçkiləri bir qədər də əlamətdar etmiş olur.

 - "Yeni dönəmdə yeni parlament" dedikdə nə nəzərdə tutulur? İlk dəfə bütün ərazilərdə keçirilən seçkilərlə formalaşan yeni parlament necə olmalıdır?

 - Növbədənkənar parlament seçkiləri Prezident İlham Əliyev cənablarının 2019-cu ildə başlatmış olduğu böyük islahatlar paketinin növbəti uğurlu mərhələsi olacaq. Parlamentdə təkcə danışanlar deyil, həm də xalqla işləyən, innovativ metodları özündə birləşdirən modern gənclər çoxluq təşkil edəcək. O gənclər ki, dövlətinin - onun rəhbərliyinin siyasi kursunu dəstəkləyir. Düşünürəm ki, parlament gəncləşməli və dövlətçiliyimizin güclənməsi istiqamətində yürüdülən siyasəti dəstəkləyən gənclər çoxluq təşkil etməlidir. Gələcək gənclərindir. Ölkəmizin parlamentində siyasi vitrini dəyişmək zəruridir. Heç şübhəsiz ki, gənclərin səhvləri ola bilər. Heç kim qüsursuz deyil. Ancaq gəncliyin səhvi, çılğınlığı bəzi qrup maraqlarına, “5-ci kolon” maraqlarına xidmət edərək dövlətçiliyimizə zərər vurmaq istəyən insanların etdiklərindən min dəfələrlə kiçik ola bilər. Gənclərin parlamentçilik təcrübəsini formalaşdırmaq lazımdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gənclər gələcək üçün formalaşdırılmalıdır.

 - Bəzən belə fikirlər gündəmə gəlir ki, "parlamentdə gənclər özünü doğrultmadı". Sizcə, qanunverici orqanda "yaşlı-gənc" söhbəti normaldırmı?

 - Bu məsələ nəsillərin savaşı kimi qəbul edilməməlidir. Bitmiş, tükənmiş, fəaliyyət qabiliyyəti azalmış şəxslər, fikrimcə, gəncliyə yol açmalı, parlamentin işlək mexanizmə çevrilməsində maraqlı olmalıdır. Heç şübhəsiz, fəaliyyət qabiliyyətində olan ağsaqqal şəxslərin parlamentdə qalaraq xalqına, dövlətinə xidmətlərini davam etdirməsi problem deyil. Əsas məqsəd parlamentin ölkənin ictimai-siyasi həyatındakı rolunu qaldırmaq və siyasi mübahisələri, fikir ayrılıqlarını küçə müstəvisindən parlament müstəvisinə daşımaqdır. Dinamizmi və eyni zamanda vətəndaşlarla işləmək mexanizmində operativliyi təmin etməkdir. Bilirsiniz, bu gün hər bir vətəndaş ən xırda problemində belə Prezidentdən imdad gözləyir. Prezidentlik institutu ən ali institutdur. Hər bir xırda məsələ ilə bağlı Prezidenti məşğul etmək, fikrimcə, doğru deyil. Ancaq vətəndaşlarımızın başqa əlacı qalmır. Rayon icra hakimiyyətləri işləmədikdə, deputatlar əlçatmaz olduqda vətəndaşın Prezidentə üz tutmasından başqa çıxış yolu qalmır. Məhz biz yeni parlamentdə ona nail olmalıyıq ki, xalqla işləyən, xalqın seçdiyi insanlar parlamentdə olsunlar və əhali ilə işləyə bilsinlər. Məsələnin digər tərəfləri də var. Məsələn, 2019-cu ildə Prezident İlham Əliyevin başlatdığı islahatlara bir çox ağsaqqal ziyalılar dəstək oldu. Misal üçün, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatlar Akademiyasının rektoru hörmətli Hafiz Paşayev könüllü olaraq istefa verdi. Gənclərə yol açdı. Bəzilərinə isə bu örnək olmadı. Bütün mümkün vasitələrdən istifadə edərək öz kreslolarını “qorumağa” çalışdılar. Amma əlbəttə ki, Prezident İlham Əliyevin dəmir iradəsi və islahatlarla bağlı verdiyi qətiyyətli qərarın qarşısında heç biri duruş gətirə bilmədi. Hər kəsə qapının yeri göstərildi. Bütün bunları analiz etmək, məncə, hər kəs üçün faydalı olar.

 - Gələcək Azərbaycan Partiyası parlament seçkilərinə necə hazırlaşır? Seçki platforması, dairələr üzrə namizədlərin müəyyənləşməsi prosesinə start verilibmi?

 - Gələcək Azərbaycan Partiyası may ayından etibarən özünün seçki qərargahını formalaşdırıb. Seçkidə iştirak etmək istəyən partiya üzvlərinin siyahıları dəqiqləşdirilir, proqram və platformalar hazırlanır. Respublikanın seçki dairələrində partiyanın imkanları və potensialı öyrənilir, təhlillər aparılır. Heç şübhəsiz ki, hər bir partiya seçki prosesində iştirak etməlidir. Gələcək Azərbaycan Partiyası hər seçkidə aktiv iştirakçı olub. Sonuncu prezident seçkilərində partiyamızın Qurultayının qərarı ilə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev cənablarının namizədliyini müdafiə etdik. Təbliğat-təşviqat prosesində hər bir partiya fəalı xüsusi fəallıq göstərdi. Partiyamız parlament seçkilərində də iştirak edəcək. Hər bir partiyanın seçkilərdə iştirakını qanun da tələb edir.

 - Seçkidə sizin namizədliyiniz irəli sürüləcəkmi?

 - Şəxsən mənim namizəd olub-olmayacağımla bağlı hazırda qəti fikir söyləyə bilmərəm. Sədr kimi partiyanı təmsil edirəm. Yekun qərar olmadan nəsə deməyim doğru olmaz. Partiyanın ali orqanı təşkilatın hansı formatda seçkilərə getməsini məqbul bilsə, partiyanın qərarına hörmətlə yanaşacağam. Yekun qərarımız yaxın günlərdə veriləcək.