Sosial media azadlığından sui-istifadə edilir

Analitik vurğulayıb ki, bu vəziyyət getdikcə daha dözülməz hal alır

  Millət vəkili Elşad Mirbəşir deyib ki, sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır. Deputat bildirib ki, dünyada mənəvi, əxlaqi aşınma gedir: “Azərbaycanda bu məsələ hər zaman diqqət mərkəzində olub. 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycan gənci ən yüksək mənəvi, əxlaqi dəyərlərə sahibdir. Biz ölkəmizdə bu müsbət tendensiyanı qorumalıyıq. Qloballaşma dönülməz xarakter alıb. İnformasiya texnologiyaları öz inkişafının ən yüksək mərhələsinə çatıb". Onun sözlərinə görə, bizim ayrıca strategiyamız olmalıdır.
  Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, çox təəssüflər olsun ki, sosial media azadlığından sui-istifadə edilir. Analitik vurğulayıb ki, bu vəziyyət getdikcə daha dözülməz hal alır:

"Böyük kütlə verilən azadlıqlardan sui-istifadə edir. Bunun nəticəsində normal insanlar böyük əziyyət çəkirlər. Şəxsən özüm də əziyyət çəkənlər arasındayam. Heç bir normal paylaşım edə bilmirik. Bəlli qruplar və onları qızışdıran şəxslər, mərkəzlər mövcuddur. Əfsuslar olsun ki, həmin qrupların və şəxslərin bir ucu xaricə bağlıdır. Xaricdə anti-Azərbaycan mərkəzlər tərəfindən idarə olunan bu kəsim ölkədə milli və dövlət maraqlarını qoruyan istənilən adamı daim hədəfdə tutur və onlara qarşı kampaniyalar aparılır".
  A.Həsrətin qənaətincə, dövlətin bu cür məsələlərə ciddi nəzarət mexanizmi işləyib hazırlamasına ehtiyac var:
"Niyə özümüzü ədəbli, mədəni, qanun çərçivəsində ifadə etdiyimiz zaman hansısa qrupların hücumlarına məruz qalmalıyıq. Niyə ağlı yerində olmayan, dünyadan xəbərsiz adamlar bizi təhqir etməli, söyməlidirlər? Buna nəzarət və ardınca cəzalandırma mexanizmi olmalıdır. Mən bu təşəbbüsün tərəfdarıyam və illərdir fikirlərimi dilə gətirirəm. Ümid edirəm ki, hörmətli deputatımızın irəli sürdüyü təklif başqa ictimai-siyasi xadimlər tərəfindən də dəstəklənəcək. Dövlətimiz də buna lazımlı diqqəti göstərəcək".