Belə bir fonda Milli Məclisdə formalaşacaq yeni siyasi mühit siyasi palitranın rəngarəngliyinə və müxtəlifliyinə gətirib çıxaracaq
Sentyabr ayının 1-də Azərbaycan tarixində ilk dəfə olaraq 86.6 min kv. km ərazimizin bütün şəhər, qəsəbə və kəndlərində, bütün seçki dairələrində parlament seçkiləri keçiriləcək. Sevindirici haldır ki, bu parlament seçkilərində Qarabağı və Şərqi Zəngəzuru o torpaqların həqiqi sahibləri təmsil edəcəklər, yerli əhali seçki məntəqələrində öz namizədlərinə səs verəcək. Əksər ekspertlərin fikrincə, bütün Avrasiyada çox ciddi proseslərin getdiyi bir dövrdə Azərbaycanda prezident, ardınca parlament seçkilərinin keçirilməsi daxili və xarici çağırışlar fonunda daha çevik siyasi qərarların verilməsi, idarəetmənin optimallaşması, təhlükəsizliyimizin və milli maraqlarımızın effektiv təmin edilməsi üçün olduqca lazımlı və vaxtında atılmış addımdır.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a deyib ki, 2025-ci ildən etibarən Cənubi Qafqazda regional və beynəlxalq aktorlar arasında geosiyasi çəkişmənin artacağı proqnozlaşdırılır. Ekspertin sözlərinə görə, hələ müharibədən əvvəl Azərbaycan cəmiyyəti daxilində siyasi qruplar arasında münaqişəli vəziyyət yaratmaq, cəmiyyəti parçalamaq, gəncləri düzgün yoldan döndərmək üçün müxtəlif xarici qüvvələr tərəfindən genişmiqyaslı addımlar atılmaqda idi:
"44 günlük müharibədən sonra Qərbin ayrı-ayrı fondları və bəzi qonşularımız qalib Azərbaycan dövləti və cəmiyyəti arasına nifaq salmaq üçün əllərindən gələni edirdilər. Lakin son proseslər bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur. Sistemli milli dövlətçilik siyasəti dayanıqlı və davamlıdır. Məlumdur ki, son illər davam etməkdə olan islahatlar çərçivəsində siyasi mühitdə, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar və bir çox bu kimi institutlar arasında bağların möhkəmləndirilməsi, sağlam mühitin yaradılması istiqamətində addımlar atıldı. Tez bir zamanda biz siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə münasibətlərə dair yeni yanaşmanın şahidi olduq. Çox qısa vaxt ərzində partiyaların bir yerə yığılması, hakimiyyətlə dialoqa start verilməsi nəticəsində bu istiqamətdə sağlam mühitin formalaşmasına şahidlik etdik. Nəticə etibarilə vaxtilə bir-birilərinə qarşı birmənalı münasibət bəsləməyən partiyalar arasında qeyri-formal dialoq mühiti yarandı".
Analitik vurğulayıb ki, hər bir cəmiyyət üçün vacib əsaslardan biri ideoloji bağların möhkəmliyi, ideologiyanın sistemli şəkildə olmasıdır:
"44 günlük müharibədən əvvəl birlik ölkəmiz üçün vacib idi. Ölkə başçısının uzaqgörənliyi nəticəsində hələ müharibə başlamazdan əvvəl həmrəyliklə nəticələnən dialoqlara start verilmişdi. Nəticədə müharibə dövründə siyasi partiyaların hər biri dövlətimizin başçısına dəstəyini bildirdi, hakimiyyətlə eyni mövqedə çıxış etdi. Vətən müharibəsindən sonra da eyni halın şahidi olduq. Çünki müharibə bitsə də, Azərbaycana qarşı müxtəlif səpkilərdə informasiya, ideoloji mübarizə davam etməkdədir. Odur ki, həmin ideologiyanın vahid mərkəzdən idarə olunması olduqca vacibdir və uğurla bu gün də həyata keçirilir. Bu gün ölkəmizdə yeni siyasi konfiqurasiya, yeni dialoq mərhələsi, yeni siyasi mədəniyyət formalaşıb. Belə bir fonda Milli Məclisdə formalaşacaq yeni siyasi mühit siyasi palitranın rəngarəngliyinə və müxtəlifliyinə gətirib çıxaracaq. Onların yeni situasiyada vahid amal uğrunda hakimiyyət- cəmiyyət konfiqurasiyasına əməli töhfələr vermələrinə şərait yaradacaq. Baharda Rusiya, iyunda Avropa İttifaqı və İranda baş tutan, payızda isə ABŞ və Gürcüstanda baş tutacaq seçkilər 2025-ci ildə dövlətlərarası münasibətlərin, regional proseslərin kifayət qədər dinamik olacağından xəbər verir. Qarşımızda Azərbaycan-Ermənistan arasında danışıqlar prosesi, Qərbi Azərbaycana Qayıdış, ölkəmizin Avrasiyanın enerji, yaşıl enerji və nəqliyyat-kommunikasiya xəttindəki rolu rəsmi Bakı üçün əsas prioritetlər olmaqda davam edəcək. Dövlət institutlarının fəaliyyəti və cəmiyyət daxilində siyasi, sosial, iqtisadi qruplar arasındakı həmrəylik yeni hədəflərimizə çatmağımız üçün vacib olacaq".