Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin”, sənəddə qeyd edilir.
Xatırladaq ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb.
Növbədənkənar parlament seçkilərini “Sherg.az”a dəyərləndirən millət vəkili Naqif Həmzəyev söyləyib ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyası da aktiv iştirak edəcək:
“Bundan öncəki beşinci və altıncı çağırış parlamentlərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçkilərdə iştirak etmişik və qalib gəlmişik. İki çağırış boyunca Yeni Azərbaycan Partiyasının üzvü olaraq parlamentdə, məhz seçildiyim dairədən təmsil edilmişəm. Hazırda da Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülərsə, cənab Prezident İlham Əliyev tərəfindən yenidən mənə etimad göstərilərsə, təbii ki, növbədənkənar parlament seçkilərində iştirak edəcəm. Ancaq istənilən halda mən əsgərəm və cənab Prezidentin göstərəcəyi etimad mənim üçün önəmlidir. Bu baxımdan müstəqil olaraq bu seçkilərdə iştirak etmək səlahiyyətimiz yoxdur. Yalnız Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyimiz irəli sürülərsə və cənab Prezident İlham Əliyev tərəfindən yenidən bizə etimad göstərilərsə, seçkilərdə iştirak edə bilərik. İstənilən halda övbədənkənar parlament seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyasını təmsil edəcək namizədlərə, eyni zamanda, müstəqil və digər partiyalardan da təmsil olunacaq şəxslərə uğurlar arzulayıram. İnanıram ki, növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyası yenidən qalib gələcəkdir. Dövlətimiz üçün növbədənkənar parlament seçkiləri uğurlu və düşərli olacaqdır”.